Ukrayna müharibəsi başlayandan bəri iki slavyan ölkəsində həm də bir-birlərinə qarşı terrordan istifadə edilir. Xüsusilə, Rusiyada gerçəkləşən bu səs-küylü terror aktlarında müsəlman faktoru önə çıxır.
“Crocus City Hall”dakı terror aktı Tacikistan və Dağıstan vətəndaşlarının birbaşa iştirakı ilə törədildi.
Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar. Həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb.
Rusiya İstintaq Komitəsi terrorun sifarişçisi kimi Kiyev rejimini göstərib.
Son olaraq daha bir səs-küylü qətlin – Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi general-leytenant İqor Kirillova qarşı terrorun da təşkilatçısı 29 yaşlı Özbəkistan vətəndaşı Əhməd Qurbanov saxlanıb. Ukrayna xüsusi xidmət orqanları ona 100 min dollar mükafat və Avropa pasportu vəd ediblər.
İqor Kirillovun qətlində şübhəli bilinən Əhməd Qurbanovun “Çayxana Kazan” kafelər şəbəkəsində aşpaz işlədiyi müəyyən edilib.
Qeyd edək ki, məhz Araz Ağalarovun ticarət mərkəzindəki terrordan sonra Rusiyada xüsusilə Orta Asiyadan olan miqrantlara münasibət sərtləşdi, müvafiq qanunlar qəbul olundu.
Maraqlıdır, niyə Ukrayna xüsusi xidmət orqanları Orta Asiya respublikalarından olan vətəndaşlardan bu terror aktlarında istifadə edirlər? Onları ələ almaq asandır, yoxsa başqa səbəblər var?
Professor Qabil Hüseynlinin Musavat.com-a bildirdiyinə görə, son illər Orta Asiya ölkələrindən dini ekstremizmə qoşulanların sayı artıb.
Onun fikrincə, buna daha çox Əfqanıstan amili təsir edir. Qabil Hüseynli hesab edir ki, Özbəkistan, Tacikistan, Qırğızıstandan İŞİD, “Əl-Qaidə” kimi terror təşkilatlarına meyillənənlər var:
“Amma hesab etmirəm ki, Ukrayna xüsusi xidmət orqanları bu terror aktlarını planlaşdırır. Bu, Rusiyadakı daxili qüvvələrin işi də ola bilər. Moskvadakı konsert zalında olan terror aktını Rusiya İstintaq Komitəsi Kiyevin “əl işi” adlandırmışdı, amma ortaya sübut qoyulmadı. Duqinin qızının partladılması, son olaraq generalın aradan götürülməsində də ən asan versiya kimi Ukrayna göstərilir, ancaq terrorun sifarişçisi bu ölkə olmaya bilər. Zənnimcə, burada iki versiya daha güclüdür: ya Rusiya daxilində qüvvələrin işidir, ya da Qərb kəşfiyyatının. Çünki Mahaçqala, Dərbənd terroru göstərdi ki, Rusiyanın özündə də xeyli ekstremist var. Şimali Qafqazda İŞİD kimi qruplaşmalara bağlı qüvvələr mövcuddur”.
Q. Hüseynli terrorun bütün növlərini lənətləyir:
“Rusiyanın işğalçı hərəkətləri indi özünə qarşı yönəlib. Ancaq terror edilməsi düzgün yol deyil. Generalın qətli göstərdi ki, daxili təhlükəsizliyin təmin olunmasında ciddi problemlər var. Nəzərə alaq ki, general xüsusi mühafizə olunur, deməli, hansısa boşluqlar buraxılıb. Məncə, bundan sonra Rusiya miqrantlarla bağlı qaydaları daha da sərtləşdirəcək. Çünki Mərkəzi Asiya ölkələrində və Şimali Qafqazda terror təşkilatlarına qoşulanlar var”.