Dekabrın 11-də Yevlax Şəhər İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Yevlaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Qanunla.Az xəbər verir ki, tədbir Yevlax şəhər 3 nömrəli tam orta məktəbin akt zalında həyata keçirilib. Tədbirdə Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Cavad Cavadov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak ediblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Daha sonra tədbir rəsmilərin çıxışları ilə davam edib.