image-qanunla-reklam
image-heydar_aliyev1

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası

image-lady-day-az

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası.

Ötən illər bir daha təsdiq etmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın tarixində və dünyanın siyasi arenasında əbədi yaşamaq hüququ qazanmışdır. Ulu öndər, qüdrətli dövlət xadimi Heydər Əliyev tükənməz istedadını, zəngin təcrübəsini, azad, müstəqil, dünyanın sivilizasiyalı dövlətləri səviyyəsinə çatan bir dövlət qurmağa sərf etmişdir. XX əsrin sonlarında baş verən hadisələr, ölkənin inkişaf xətti, ən çətin problemlərin həlli açarının tapılması bir daha təsdiqlədi ki, xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı, məhz, Azərbaycanı xilas etdi. Çünki həmin illərin iqtidarının səriştəsizliyi, vəzifə kürsüləri uğrunda didişmələri, daxili və xarici siyasətdə buraxılan kobud səhvlər hələ 1993-cü ilin əvvəllərində ölkəni siyasi böhran, hakimiyyət böhranı, sonra isə vətəndaş qarşıdurması həddinə gətirib çıxarmışdı. Faciələrin miqyasına, münaqişələrin mürəkkəbliyinə görə 1993-cü il Azərbaycan dövləti üçün ən ağır dövr idi. Bütün bunlar xalqımızın tarixində böyük faciə idi. Ən böyük faciə isə belə adamların hakimiyyətdə olması, lakin idarəetmədən baş çıxarmaması idi. Ölkədə özbaşınalıq, dərəbəylik, lidersizlik və dəhşətli bir hərcmərclik hökm sürməkdə idi. Həmin dəhşətli hadisələr bir daha göstərdi ki, müdriklər duran yerdə hakimiyyəti nadanlara vermək özü də cinayətdir. Bu, hakimiyyət kürsüsü xatirinə ölkəni, milləti fəlakətə sürükləməyə bərabərdir. Ölkəni isə müdrik dövlət xadimi xilas edə bilərdi. Belə bir böhranlı şəraitdə Azərbaycan Respublikasını dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, etnik qarşıdurmalardan vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq üçün xalq öz xilaskarı Heydər Əliyevə müraciət etdi. Səbr kasası dolmuş xalq qətiyyətlə onun siyasi hakimiyyətə qayıtmasını tələb və xahiş edirdi. Xalq yaranmış vəziyyətdən çıxış yolunu zəngin təcrübəyə malik görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin şəxsində görürdü. Naxçıvanda bütün Azərbaycanın müqəddəratı üçün taleyüklü fəaliyyət göstərən Heydər Əliyevin yanına dəstə-dəstə adamlar gəlir, teleqramlar, müraciətlər göndərilirdi. Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi. Ulu öndər həmin dövrü belə xarakterizə etmişdi: “Mən buraya heç bir partiyanın lideri kimi gəlməmişəm. Mən buraya tamam könülsüz, tez-tələsik yox, adamların təzyiqindən çox, yaranmış vəziyyətə görə gəldim, çünki xalqın taleyi həll olunurdu”. AXC–Müsavat cütlüyünün ulu öndər Heydər Əliyevi Naxçıvandan acizanə şəkildə Bakıya dəvət etməsi həm də xalqın təkidli tələbi ilə bağlı idi. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görürdü. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. Beləliklə, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz üçün törədilən maneələr aradan qaldırıldı, həyatın bütün sahələrində uğurlar üçün zəmin hazırlandı və nailiyyətlər qazanılmağa başlandı. Bütün bunlar adi uğurlar deyil, xalqımızın bu günü və gələcəyi ilə birbaşa bağlı olan tarixi nailiyyətlərdir. Bu nailiyyətlər Heydər Əliyevin daşıdığı tarixi missiyanın bəhrələridir. Bütövlükdə, 15 iyun Azərbaycanda dövlət quruculuğu prosesində dönüş nöqtəsi – milli faciədən qurtuluş günü, müstəqilliyimizin dönməzliyi və əbədiliyi üçün əsas oldu.

Səmədağa Məmmədov
Saatlı rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki