image-qanunla-reklam
image-017

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MÜƏLLİFİ OLDUĞU ƏSAS QANUN

image-lady-day-az

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı nəinki Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, həm də onun dövlətçiliyinin xilasında müstəsna rol oynadı. Ümummilli lider öz qətiyyəti, dərin zəkası, zəngin dövlətçilik təcrübəsi və böyük siyasi nüfuzu sayəsində xilaskarlıq missiyasına başladı. Təsadüfi deyil ki, 1995-ci il iyunun 5-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Qeyd edək ki, bu ali sənədin müasir dəyərləri özündə ehtiva edən mükəmməl formada qəbul olunmasını reallaşdırmaq üçün ulu öndər layihənin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşmışdı.
“Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır” – deyən ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında həm ölkəmizin tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Konstitusiya layihəsi hazırlandıqdan sonra cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə onun açıq müzakirələrinin keçirilməsi bu ümumxalq əhəmiyyətli sənədin ən təkmil formada ərsəyə gətirilməsinə şərait yaratmışdır. Bütün müzakirələrin nəticəsi olaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olunmuşdur.
Ulu öndərin müəllifi olduğu konstitusiyanın qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsini əks etdirən hadisə idi. Bununla ölkəmizin və xalqımızın dövlətçilik tarixinə yeni bir səhifə yazıldı, dahi rəhbər Heydər Əliyevin uzunmüddətli gərgin əməyinin məhsulu olan konstitusiya öz demokratikliyi, humanistliyi ilə seçilərək ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və müstəqil dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratdı, xalqımızın demokratik dövlət qurmaq və dünya arenasında layiqli yer tutmaq istəyini nümayiş etdirdi. Məhz bu tarixi hadisədən sonra Azərbaycanda hüquqi islahatlara başlanıldı.
Aqil Qurbanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki