Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə “31 Mart soyqırımı”nın araşdırılması və həqiqətlərin dünyaya yayılması işinə başlanılmışdır
Təxminən iki yüz il bundan əvvəl Rusiya imperiyasının maraqlarına uyğun olaraq Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər ötən iki əsr ərzində bütün yerli sakinlərə və ilk növbədə azərbaycanlılara qarşı olmazın cinayətlər törətmiş, kütləvi deportasiyalar, qətliamlar həyata keçirmişlər. “ 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş amansız soyqırımı hadisələri də Azərbaycan tarixinin acı həqiqətlərindən biridir. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımına və torpaqlarımızın bir əsrdən artıq davam edən işğalı prosesinə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tariximizə “31 Mart soyqırımı” kimi daxil olmuş bu faciənin araşdırılması və həqiqətlərin dünyaya yayılması işinə başlanılmışdır. 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda xalqımıza qarşı 1918-ci ildə törədilmiş dəhşətli soyqırımı hadisələrinə müvafiq siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olundu.”
Bu gün artıq bütün dünya ictimaiyyəti erməni millətçilərinin cəfəng “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə tarixin müxtəlif mərhələlərində azərbaycanlılara və Azərbaycan ərazilərində yaşayan digər xalqların nümayəndələrinə qarşı törətdikləri etnik təmizləmə, deportasiya və soyqırımı faktları barədə kifayət qədər məlumatlıdır: “Tarixi dəlil və faktlar inkarolunmaz şəkildə göstərir ki, 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başladılar. 1918-ci ilin mart ayında “Əksinqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanmış Bakı Kommunası daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə başladı. Həmin günlərdə, 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. 1918-ci ilin mart-aprel soyqırımları təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda ölkə ərazisində yaşayan digər millət və xalqlara qarşı həyata keçirilməklə, özünün amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biri kimi dəyərləndirilməlidir.”
Azərbaycan xalqı Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr-noyabr ayları ərzində aparılan və cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan 30 illik işğala son qoydu. 2023-cü ilin sentyabr ayında keçirilmiş və cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. Bu tarixi Qələbəsi ilə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz həm də uzun illər boyunca bütün Cənubi Qafqaz xalqlarını təhdid edən erməni faşizminin belini qırdı. Xalqımızın əldə etdiyi bu tarixi Zəfər bütün şəhidlərimizin ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin, erməni işğalının bütün qurbanlarının qisasını düşməndən döyüş meydanında aldıq.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Ayrı-ayrı bölgələrimizdə olduğu kimi, Bakıda da 1918-ci ildə soyqırımı həyata keçirilmiş, şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır
1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan onilliklər ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqımızın qan yaddaşında əbədi iz buraxmışdır. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir.Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir.
Ermənilər tarixin müxtəlif dövrlərində xalqımıza qarşı kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçiriblər. Təxminən iki yüz il ərzində ermənilərin öz havadarlarının köməyi ilə “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşdirilməsi yolunda atdıqları addımlar Azərbaycan xalqına qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələnib.Ümumiyyətlə, ötən əsrdə dörd dəfə —1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə yaranmış siyasi vəziyyətdən, müstəmləkəçilik dövründən faydalanaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiyalara baxmayaraq mənfur düşmənin “Böyük Ermənistan” xülyası gerçəkləşməmişdir.
Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox azərbaycanlını ermənilər xüsusi amansızlıqla qətlə yetirmişlər. Mart soyqırımı zamanı Bakının şəhər camaatının o dövrün pulu ilə 400 milyon manatlıq daş-qaşı və əmlakı qarət edilmişdir. Mart qırğınları haqqında müstəqil tədqiqatçı Kulqe yazır: “Ermənilər Bakının müsəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər”. Kulqe ermənilər tərəfindən üzü divara çevrilərək itlərə parça-parça edilən azərbaycanlıların şəkillərini də çəkmişdir. Bu faktlar erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və yalnız 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir.
1918-ci ildə ermənilər dinc əhaliyə qarşı görünməmiş amansızlıqlar etdikləri kimi, mədəniyyət və tarixi abidələrimizi də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal