“Ümumtəhsil məktəblilərinin Yaşıl dünya əl işləri sərgisi” layihəsinin bağlanış mərasimi baş tutub
Fevral ayının 18-də Göyçayda Ümumtəhsil məktəblilərinin “Yaşıl dünya” əl işləri sərgisi layihəsinin bağlanış mərasimi baş tutub. Bağlanışda layihə ərzində hazırlanmış müxtəlif məhsulların sərgisi həyata keçirilib.
Qanunla.Az xəbər verir ki, tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadov, Göyçay rayonu üzrə təhsil sektorunun müdiri Rauf Məmmədov, regional idarənin əməkdaşları və bir sıra digər təhsil işçiləri iştirak edib. Tədbir sərgi və bədii hissələr olmaqla 2 hissədən ibarət olub.
Qeyd etmək istərdik ki, “Ümumtəhsil məktəblilərinin Yaşıl dünya əl işləri sərgisi” layihəsi Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqəsində qalib gəlmiş layihələrdən biridir. Layihənin rəhbəri Göyçay şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın kimya müəllimi Səadət Səfəraliyevadır. Layihə çərçivəsində şagirdlər müxtəlif növdə ətirli şamlar, sabunlar, almaz mozaikalar və rəsmlər üzərində əl işləri düzəldiblər. Həmçinin bildirmək istərdik ki, layihə şəhid və qazi övladlarını, xüsusi sinif şagirdlərini, valideyn himayəsindən məhrum olmuş şagirdləri və digər ümumtəhsil məktəblilərini əhatə edib.