image-970_50
image-1632670037517173313_1000x669

Vətən müharibəsində Zəfərimiz Prezident İlham Əliyevin qətiyyətinin, xalqa sevgisinin, dövlətçiliyə sədaqətinin nəticəsidir

image-728_90

Ermənistanın işğalçılıq siyasəti elan edilmədən başlayan müharibəyə, müharibə isə Azərbaycan torpaqlarının işğalına səbəb oldu. Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əməl etmədi, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin tövsiyələrinə, təkliflərinə məhəl qoymadı. Bunlara görə ona heç bir beynəlxalq təzyiq göstərilmədi. Belə loyal münasibətə görə Ermənistan mövcud status-kvonu saxlamaq məqsədilə danışıqlardan yayınırdı. Prezident İlham Əliyev birmənalı şəkildə bildirirdi ki, Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz. Bu qətiyyət Ermənistanı da, onun havadarlarını da niyyətindən çəkindirməli idi. Lakin Ermənistan yeni ərazilər işğal etmək niyyəti ilə istər dövlət sərhədindən, istərsə də Azərbaycanın işğal edilmiş ərazilərdən ölkəmizə hücumlar edirdi. Azərbaycan Ordusunun bölmələri isə bu hücumların qarşısını qətiyyətlə aldı – 2016-cı ilin aprelində də, 2020-ci ilin iyulunda da.

Düşmən işğal etdiyi ərazilərdə müdafiə sistemi yaratmışdı, onu illərlə möhkəmləndirmişdi, təkmilləşdirmişdi. Yaratdığı “Ohanyan səddi” ilə qürurlanırdı, ordusunu və əhalisini inandırmağa çalışırdı ki, Azərbaycan Ordusu bu səddi keçə bilməz. Vətən müharibəsində Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu düşmənin müdafiə səddini darmadağın etdi. Müxtəlif istiqamətlərdə gedən döyüşlərdə düşmən ağır məğlubiyyətlərə uğrayırdı. Düşmənin ordusu müqavimət göstərə bilmirdi, bəzi döyüşlərdən sonra geri çəkilirdi, hərbçiləri döyüşdən yayınırdı, qaçırdı. Bu, düşmənin məğlubiyyətini yaxınlaşdırırdı.

Xalqımız Ordumuzun qələbəsinin iştirakçısı idi, Silahlı Qüvvələrimizə bütün səviyyələrdə mənəvi və maddi dəstək göstərirdi. Vətən müharibəsində analar cəbhəyə, döyüşən orduya həm ana sevgisi ilə hazırladıqarı yeməklər, həm də əlcək, şərf və s. toxuyub göndərirdi. Döyüşçülərin bunlara ehtiyacı yox idi, ancaq bu hədiyyələr onların döyüş əzmini, qələbə ruhunu daha da coşdururdu. Bir ana göndərdiyi hədiyyələrin içinə bir məktub da qoyubmuş: “Oğlum Birinci Qarabağ müharibəsində şəhid oldu. Onun paltarlarını indiyə kimi saxlayırdım. İndi oğluma qardaş bildiyim sən əsgər oğluma göndərirəm. Mənə oğlumun dərdini qazanacağınız Qələbə unutduracaq, oğlum. Qələbədən sonra qarşıma çıxan ilk əsgərə oğlum deyəcəyəm. Onda oğlumun ruhu da sənə – əsgər qardaşına sağ ol deyəcək…”. Bu məktub Vətən müharibəsinin mahiyyətinin nə olduğunu bütün çalarları ilə göstərir. Yəni, Vətən müharibəsi xalqın müharibəsi idi. Hamı özünü döyüşənlərin sırasında hiss edirdi…

Bu fikirlər Milli Məclisin deputatı Səbinə Xasayevanın “27 sentyabr Zəfərimizin başlanğıc tarixidir” sərlövhəli məqaləsində yer alıb.Məqalədə, həmçinin bildirilir ki, Ermənistan ordusu sentyabrın 27-də müxtəlif istiqamətlərdən müxtəlif təyinatlı silahlarla yenidən hücum etdi. Azərbaycan Ordusunun hissələri bu hücumun qarşısını qətiyyətlə aldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ordumuz əks-hücum əməliyyatına başladı. Bu, Vətən müharibəsi idi. 2020-ci ilin 27 sentyabrı son 30 ilin ən yadda qalan tarixi günlərindən biridir. İşğalçı dövlət sülh danışıqlarından yayınırdı, beynəlxalq təşkilatlar bu danışıqların baş tutmasını təmin edə bilmirdi. Dünyanın aparıcı dövlətləri də müəyyən məqamlarda işğalçının mövqeyinə ciddi etirazını bildirmirdi. Bu, qeyri-rəsmi himayədarlıq idi.

Vətən müharibəsi ərəfəsində Türkiyənin milli müdafiə naziri Hulusi Akar demişdi: “Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı Azərbaycanın yanındayıq. Azərbaycan tək deyil”. Bu səmimi fikir Vətən müharibəsində reallaşdı. “Bayraktar”lar düşmənin müdafiə sədlərini, qruplaşmalarını, strateji mövqelərini, canlı qüvvəsini darmadağın etdi. Nə düşmən, nə də onun havadarları bu hücumu dayandırmaq gücündə, qüdrətində deyildi.

Azərbaycan Ordusu qətiyyətlə döyüşürdü. Müxtəlif istiqamətlərdə qazanılan mövqe qələbələri ordumuzu son döyüşə yaxınlaşdırırdı.

Vətən müharibəsindən sonra dünya mətbuatında müxtəlif səpkili, məzmunlu məqalələr dərc edildi. Əksəriyyətində Azərbaycan Ordusunun gücü, qüdrəti etiraf edilir, əsgərlərinin döyüş əzminə, qələbə ruhuna heyrət ifadə olunurdu. “400 nəfər görürdük. Atəş açılırdı, onun ardınca daha bir qrup gəlirdi. Atəş açılırdı, ardınca ikiqat böyük qrup dalğa halında gəlirdilər. Əlbəttə ki, belə bir qüvvəyə tab gətirmək mümkün deyil”. Bu fikirlər muzdlu erməni döyüşçüsünün etirafıdır.

Vətən müharibəsi vətənpərvərliyin işğalçılıqla, azərbaycançılığın erməniliklə döyüşləri idi. Bu müharibə xalqın Qələbə ruhunun müharibəsi idi.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətlərinin birində dedi: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”. Bu Zəfərin başlanğıcı Prezidentimizin qətiyyətində, xalqa sevgisində, dövlətçiliyə sədaqətində, xalqın Orduya dəstəyindədir. Bu Zəfərin başlanğıcı tarix olaraq 27 sentyabrdır. Bu tarixi Zəfərlə Ermənistanın işğalçılığına son qoyuldu. Azərbaycan Ordusu Ermənistanın ordusunu darmadağın etdi.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasının həm siyasi, həm də iqtisadi əhəmiyyətə malik olduğunu hamı bilir və buna bir ürək dolusu sevinir. Ölkə başçısı Kəlbəcərə və Laçına səfərində çıxışında dedi: “…Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki həm Qarabağ, həm də Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi…”. İndi dünya qalib Azərbaycan dövlətinin qüdrətinin konturlarını daha əhatəli görür.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışında qürurla bildirdi ki, Vətən müharibəsində qazandığımız Zəfər dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzindədir: “Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində bizim müharibəmiz, İkinci Qarabağ müharibəsi öyrənilir”. Deməli, Vətən müharibəsinin timsalında Azərbaycanın yeni tarixi dünyada öyrənilir.

Həmin mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğalçı dövlət olduğunu bir daha xatırladaraq dedi: “Onlar bütün strateji yüksəkliklərə sahib idilər. Əlbəttə ki, 30 il ərzində onların qurduqları istehkamlar, 6 müdafiə xətti və mühəndislik işləri onlara böyük üstünlük verirdi. Onlar hesab edirdilər ki, bu müdafiə xəttini, bu istehkamları, bu dağları biz heç vaxt keçə bilmərik. Amma onlar yanıldılar, böyük yanlışlığa, səhvə yol verdilər. Onlar bilmirdilər ki, Azərbaycan xalqı bu 30 il ərzində bir amalla yaşayır: nəyin bahasına olursa-olsun, torpaqlarımızı işğalçılardan azad edək. Biz bu amalla yaşamışıq. Bizi Qələbəyə aparan təkcə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, hərbi texnikamız yox, bizi Qələbəyə aparan Vətən sevgisi idi. Ən başlıca faktor, ən başlıca amil Vətən sevgisi idi”. Vətən sevgisi Azərbaycan Ordusunun şəxsi heyətinin malik olduğu mənəvi dəyərləri ümumiləşdirir. Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş hazırlığını yüksək mənəvi-psixoloji hazırlıq tamamlayır. Bu vəhdət ordunun gücü deməkdir. Ordumuz güclüdür. Bu güc Vətən müharibəsində özünü göstərdi. Buna görə 27 sentyabr yeni tariximizdə unudulmayacaq tarixi gündür…

Ordumuz torpaqalarımızı işğaldan azad etdi. Bu Zəfərin həm böyük hərbi dəyəri oldu, həm də böyük siyasi dəyəri. Dünya dövlətləri Vətən müharibəsindən sonra Azərbaycanla daha sıx ikitərəfli iqtisadi əlaqələri davam etdirməyə, genişləndirməyə maraq göstərir. Güclü dövlətlə belə əlaqələr həmişə tərəfdaşa səmərə verir.

Bu yaxınlarda bir məqalədə bir əsgərin inamla, qətiyyətlə dediyi bir fikri xatırlayıram: “Daha heç bir işğalçı dövlət Azərbaycanın torpaqlarına göz dikə bilməz. Hamısı Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü…”. Bu fikir hamıya həm xoş gəldi, həm də hamı belə düşünən əsgərlərimizlə qürurlandı…

Dünya gördü ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etdi, Azərbaycan gəncliyi işğaldan azad edilmiş ərazilərimizdə şəhərləri, kəndləri yenidən quracaq.

Şuşada “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri, Milli Musiqi Günü keçirildi.

Bütün bunlar Vətən müharibəsində Azərbaycan əsgərinin qazandığı Zəfərin nəticələridir. Zəfərin başlanğıcı isə 27 sentyabr tarixidir.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki