image-qanunla-reklam
image-1613831981_1613830090_1613825128_bayraq_baki

Vətənpərvərlik amili

image-lady-day-az

Vətənpərvərlik amili.

İnsan özünü və dünyanı əsasən gənclik yaşlarından dərk edir. Onda doğma Vətən, mənsub olduğu xalq qarşısında borc, məsuliyyət hissləri də bu yaşdan təşəkkül tapır. Ona görə də hər bir ölkənin, xalqın gələcəyinin necə olması bugünkü gəncliyin hansı ideallarla yaşamasından, övladı olduğu Vətəni, xalqı qarşısında borc, məsuliyyət hissini necə dərk etməsindən, vətənini, xalqını nə dərəcədə sevməsindən,  milli-mənəvi özünüdərkindən asılıdır. Əgər biz gələcəyimizi xoşbəxt, əmin-amanda görmək istəyiriksə sadalanan cəhətlərin bugünkü gənclikdə olmasına çalışmalıyıq. Bu çalışmanın mərkəzində isə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi durur. Ona görə də gənclərin vətənpərvərlik tərbiyəsi, onlara Vətənə, xalqa məhəbbət hisslərinin aşılanması həmişə olduğu kimi bu gün də aktualdır.

Təsadüfi deyildir ki, Azərbaycan xalqının Ümummilli lideri, böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını gənclərin tərbiyəsinə cavabdehlik daşıyan bütün qurumların qarşısında ən mühüm vəzifə kimi qoyur, müxtəlif səviyyəli tədbirlərdə, gənclərlə, müəllimlərlə, ziyalılarla çoxsaylı görüşlərində bu məsələyə dönə-dönə toxunaraq öz müdrik məsləhət, tövsiyə və tapşırıqlarını verirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”

44 günlük müharibədə Şanlı Zəfər qazanan Azərbaycanın ən böyük uğuru onun vətənpərvər ruhda yetişdirdiyi gənclər idi. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü.

Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub. Bu, ondan irəli gəlir ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyevin yeni mərhələyə qaldırdığı dövlət gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, onun dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu baxımdan Cənab Pezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir.

Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin direktor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki