Lənkəranda yaşayış evi və sexdən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Qanunla.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Məlumata görə, Lənkəran şəhər sakini T.Pronkinaya məxsus yaşayış evindən ümumi dəyəri 7 437 manat olan məişət əşyalarının oğurlandığı barədə polisə müraciət daxil olub.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs – əvvəllər məhkum olunmuş Vüqar Rəcəbov müəyyən edilərək saxlanılıb.
Oğurlanan əşyaların bir qismi onun saxladığı yerlərdə aşkarlanaraq maddi sübut kimi götürülüb.
Ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə V.Rəcəbovun Lənkəran şəhəri ərazisindəki bir sexə gecə saatlarında qanunsuz olaraq daxil olmaqla oradan 320 manat dəyərində elektrik naqilləri və su borularını oğurlamasına da əsaslı şübhələr müəyyən olunub.