image-qanunla-reklam
image-1607347590_zefer

Xalqın dəstəyi və inamı

image-lady-day-az
  • Xalqın dəstəyi və inamı.

Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik siyasəti ermənilərin məhz çar Rusiyası zamanı əzəli torpaqlarımıza Qarabağa köçürüldükləri vaxtdan başlayıb. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam edib. Erməni daşnakları və cəlladları tərəfindən 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə qalıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurub. Nəticədə bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olub. Bu illər ərzində isə Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salıb, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv edib, ölkəmizə milyardlarla dollar həcmində maddi ziyan vurub. Buna baxmayaraq, işğal siyasətini davam etdirən Ermənistan təxribatlardan da əl çəkmir, davamlı olaraq yaşayış məntəqələrini, Ordumuzun bölmələrini hədəfə alırdı. Növbəti belə erməni təxribatı 2020-ci il sentyabrın 27-də baş verdi. Məhz Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində bu əmri gözləyirdi. Beləliklə 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı xalq-ordu birliyinin təcəssümü oldu. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya, qələbəyə inamın göstəricisi idi. Bununla da Azərbaycan tarixinə Zəfər salnaməsi kimi daxil olan “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Qırx dörd gün ərzində hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Şuşanın işğaldan azad olunması isə olduqca strateji əhəmiyyət kəsb edirdi. Tarixi Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll etdi. Beləliklə, işğalçı döyüş meydanında məğlub edildi. Rəsmi İrəvanın kapitulyasiyasının təcəssümü olan üçtərəfli Bəyanat imzalandı. Noyabrın 9-dan 10-na keçən gecə Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı      Ehtiram Osmanov

 

 

Xalqın dəstəyi və inamı.

Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsi xalqın dəstəyi və inamının gücünü bir daha nümayiş etdirdi. Bu mübarizədə xalqın birliyi, inamı və dəstəyi hər an özünü göstərdi, çünki xalq öz ərazi bütövlüyü uğrunda haqq savaşına inanırdı. Azərbaycanın dövlət başçısının da vurğuladığı kimi: “Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq.”

Bu haqq savaşı Azərbaycanın dəmir iradəli, müzəffər xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın yenilməz ordusu və xalqın dayanıqlı dəstəyi bir-birini tamamlayaraq, tarixi zəfərə nail olundu. Bu birlik nəticəsində ölkə öz doğma Qarabağına, o cümlədən Qarabağın tacı olan Şuşaya qayıtdı. Bu qayıdış, həm Azərbaycan xalqı üçün, həm də Vətən torpağının hər bir qarışının əziz olduğunu göstərən bir qələbə simvoluna çevrildi.

Hər bir Azərbaycan vətəndaşı üçün bu zəfər günləri tarixi önəmə malikdir, çünki ölkənin ərazi bütövlüyü və suverenliyi bərpa edilmişdir. Dövlət başçısı da bu tarixi anları “xalqına xoş xəbərlər vermək” kimi qiymətləndirərək öz xoşbəxtliyini ifadə etdi. Qarabağın, xüsusilə Şuşanın əbədi Azərbaycan torpağı olaraq qalması və burada xalqın əmin-amanlıqla yaşaması bu zəfərin əsas nişanəsidir.

Bu qələbə, xalqın birliyinin və öz torpaqlarına qayıdış əzminin sarsılmaz bir simvoludur. Azərbaycanda hər kəsin qəlbində bu günlər tarixin ən xoşbəxt anları kimi yaşayacaq və Azərbaycanın bu birlik, dəstək və inam ruhu əbədi olaraq qorunacaqdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki