Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb
Azərbaycan və İran xalqları tarix boyu bu bölgədə mehriban qonşuluq və dostluq şəraitində yaşamışlar. Ölkələrimiz arasında bu gün mövcud olan dostluq və əməkdaşlıq əlaqələri də məhz bu möhkəm zəmin üzərində formalaşmışdır. İran 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, 1992-ci il martın 12-də isə iki ölkə arasında tam diplomatik münasibətlər qurulub
Hazırda İran-Azərbaycan münasibətlərinin həqiqətən də yüksək səviyyədə olduğunu özündə əks etdirən vacib məqamlardan biri də ölkələrimizin birgə həyata keçirdikləri və ya iştirakçısı olduqları transmilli layihələrdir.
Azərbaycan ilə İran arasında Energetika sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. İlk növbədə 280 meqavat gücündə iki su elektrik stansiyasının inşası nəzərdə tutulur. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcək. Məlum olduğu kimi, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi ölkəmizdə “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün regiona böyük fayda verəcək.
Təbii ki, bütün bu layihələrin reallaşması və maksimum fayda verməsi üçün regionda möhkəm sülh və əmin-amanlıq bərqərar olmalıdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir və bu, çox mühüm amildir.
Həmçinin daha bir vacib məqam budur ki, Azərbaycan və İran istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı ortaq fikirlərə malikdirlər. Ölkələrimiz üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir-birilərini hər zaman dəstəkləyirlər. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir və bu münasibətlərin daha da möhkəmləndirilməsi bütün regionun maraqlarına xidmət edir.
Bu gün görünən odur ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli əlaqələr indiyədək heç vaxt olmadığı qədər yüksək səviyyədədir. İqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, təhsil və turizm sahələrində müxtəlif istiqamətlərdə, o cümlədən bütün region üçün prinsipial əhəmiyyət kəsb edən “Şimal-cənub nəqliyyat dəhlizi” ilə bağlı mövcud çoxsaylı ikitərəfli saziş və layihələr bu həqiqəti təsdiq edir.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru