Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb.
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk dəfə rəsmi səfər etməsi həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həm də regional əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə İran arasında münasibətlərin təməli təkcə coğrafi yaxınlıqla deyil, eyni zamanda ortaq mədəniyyət, dil, din və adət-ənənələrlə bağlıdır. Əsrlər boyu xalqlarımız arasında ticarət və qohumluq əlaqələri də formalaşıb. Prezident cənab İlham Əliyevin iranlı həmkarı ilə birgə mətbuata açıqlamasında söylədiyi “xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür” fikirləri iki ölkə arasında tarixən mövcud olan sıx və dərin əlaqələrin bu gün də uğurla davam etdirildiyini aydın şəkildə göstərir. Bu fikirlər həm tarixi gerçəkliklərə əsaslanır, həm də bugünkü geosiyasi reallıqları və diplomatik münasibətlərin səviyyəsini özündə əks etdirir.
İran Prezidentinin Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğuna dair açıq dəstəyi beynəlxalq hüquq normalarına, ədalətə və regional əməkdaşlıq ruhuna uyğun bir yanaşmadır. Bu, Ermənistanın bölgədə revanşist meyllərinə qarşı həmrəylik nümayiş etdirilməsi baxımından da mühüm siqnaldır. İran Prezidentinin bu bəyanatı ölkələrimiz arasındakı əlaqələrin dostluq və tərəfdaşlıq ruhunda inkişaf etdiyini bir daha təsdiqləyir. Azərbaycan regionda sülh və sabitliyə yönəlmiş istənilən ədalətli mövqeni yüksək qiymətləndirir və bu istiqamətdə atılan addımların bölgənin ümumi rifahına töhfə verəcəyinə inanır. Prezident cənab İlham Əliyevin apardığı siyasət, Azərbaycanın beynəlxalq arenada güclü və etibarlı bir tərəfdaş kimi tanınmasına səbəb olub. Bu siyasət, həmçinin Azərbaycanın regionda və dünyada sülh, sabitlik və inkişafın təminatçısı olmasına xidmət edir. İranla olan münasibətlərin inkişafı, Azərbaycanın regional və beynəlxalq əməkdaşlığını daha da genişləndirməklə yanaşı, həm də sülh, təhlükəsizlik və iqtisadi inkişaf baxımından mühüm bir addım ola bilər. Bu cür əməkdaşlıq həm iki ölkənin, həm də bölgənin sabitliyini və rifahını təmin etmək baxımından vacibdir.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini