Xaricdə yaşayan azərbaycanlıların uğurlu lobbi siyasəti.
Dünya azərbaycanlılarının milli birliyinin təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Hər bir Azərbaycanlıda milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərən 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyinin təzahürü idi. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi. “Bir millət, iki dövlət” prinsipi Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinin əsasıdır. Bu, Azərbaycan Prezidentinin türk dünyasının birliyinə verdiyi böyük önəmin parlaq təzahürü kimi tarixə düşüb. Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclasında “Dünya Azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadı.
Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, ölkəmizlə qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verirlər. Sözsüz ki, ölkəmizdə keçirilən dünya azərbaycanlılarının qurultayları tariximizə iftixar gətirəcək hadisələr sırasındadır. Dünya azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının nümayəndələrinin, rəhbərlərinin Azərbaycana – doğma Vətənə gəlməsi birliyin göstəricisidir.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc
“Bir millət, iki dövlət” prinsipi Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinin əsasıdır.
Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, fəaliyyət göstərir. Onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var ki, bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində mühüm tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini nəsillərdən-nəsillərə ötürürlər.
Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirən Prezident cənab İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrün tələblərinə uyğun olaraq genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Prezident cənab İlham Əliyevin bu istiqamətdə atdığı addımlar ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi, Prezident İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə yazıldı. Dünya azərbaycanlılarının keçirilən hər bir qurultayı birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirdi, Azərbaycanın uğurlu gələcəyi naminə atılan addımlara töhfələrinin miqyasını artırdı. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər.
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc