Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb. Rusiyalı diplomat Azərbaycanla Ermənistan arasındakı danışıqların mövcud vəziyyəti ilə maraqlanıb. Ceyhun Bayramov sülh sazişinin imzalanmasına əngəl olan amili Xovayevin diqqətinə çatdırıb: Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar ortadan qaldırılmayıb.
Qanunla.Az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bundan əvvəl Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının sülh prosesinə maneəsini Prezident İlham Əliyev telefonda ABŞ Dövlət katibi Entoni Blinkenin diqqətinə çatdırmışdı:
“Xovayevdən əvvəl ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə müşaviri Lui Bono Bakıda olmuşdu və bu problem ona da bildirilmişdi.
Beləliklə, ATƏT-in Minsk Qrupunun keçmiş iki həmsədri – ABŞ və Rusiya Azərbaycanla Ermənistan danışıqlarını diqqətlə izləyir və birinci əldən məlumat əldə edirlər. Minsk Qrupunun keçmiş üçüncü həmsədri Fransa isə Prezident Emmanuel Makronun yanlış siyasəti ucbatından oyundankənar vəziyyətdə qalıb. Fransanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bris Rokföy sonuncu dəfə iki il əvvəl Bakıda olub və Prezident İlham Əliyevlə görüşüb. O zaman Emmanuel Makron ikinci dəfə prezident seçilmişdi və rəsmi Bakının azca ümidi var idi ki, Paris Cənubi Qafqaz, o cümlədən Azərbaycan siyasətini korrektə edəcək. Etmədi və buna görə də Rokföy ancaq İrəvana səfər edə bilir. Makron Rokföyün Bakıya yolunu qapadıb. Bununla Paris Vaşinqtonla Moskvanın gerisində qalıb”.