İqtisadiyyat Nazirliyi ilə Yaponiyanın “Nippon İxrac və İnvestisiya Sığortası” şirkəti (NEXI) arasında Ümumi Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Nazirlikdən Qanunla.Az-a verilən məlumata əsasən, sənədi İqtisadiyyat naziri Mikayıl Cabbarov və NEXİ-nin sədri və baş icraçı direktoru Atsuo Kuroda imzalayıblar.
Memorandumda Azərbaycan və Yaponiya arasında ixrac krediti və investisiya sığortası sahəsində bilik və təcrübənin artırılması məqsədilə müzakirələrin, həmçinin yerli və qonşu bazarlara dair məlumat mübadiləsinin aparılması, eləcə də birgə təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Yaponiya arasında qarşılıqlı etimadın yapon şirkətlərinin ölkəmizdə fəaliyyətinə və investisiyalar sahəsində əməkdaşlığa münbit şərait yaratdığını vurğulayıb. Bildirilib ki, Yaponiya Azərbaycan iqtisadiyyatına investisiya yatıran əsas ölkələrdəndir. İqtisadiyyat Nazirliyi və NEXI arasında uğurlu tərəfdaşlıq qarşılıqlı ixracın artmasına, investisiya və ixrac sığortası sahəsində əməkdaşlığın genişlənməsinə böyük imkanlar açır. Bu gün imzalanan Memorandum isə yeni tərəfdaşlıq istiqamətlərini və investisiyaları stimullaşdıracaq.
Mikayıl Cabbarov Azərbaycanda biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, istehsal və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən islahatlar və görülən işlər barədə məlumat verib.
Qeyd edilib ki, Azərbaycanın rəqəmsallaşma dövründə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb və ölkəmiz Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinə qoşulub.
Azərbaycanda bu Mərkəzin yaradılması rəqəmsal ekosistemin inkişafına, 4-cü Sənaye İnqilabı texnologiyalarının sürətli tətbiqinə təkan verəcəkdir. İqtisadiyyat naziri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayaraq, işğaldan azad olunmuş ərazilərimizin bərpası və inkişafı konsepsiyasının hazırlandığını, konsepsiyada dövlət-özəl tərəfdaşlığından geniş istifadənin, xarici investorlar üçün xüsusi təşviq proqramlarının, xarici şirkətlərin cəlb edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərimiz təbii resurslarla zəngin olmaqla yanaşı, sənaye, aqrar, tranzit, turizm və s. baxımından xüsusi əhəmiyyət kəsb edir.
Mikayıl Cabbarov yapon şirkətlərini imzalanan Memorandumda da əksini tapan imkanlardan yararlanmağa və Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmağa dəvət edib.
Tədbirdə çıxış edən NEXİ-nin sədri və baş icraçı direktoru Atsuo Kuroda Azərbaycan-Yaponiya ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi baxımından Anlaşma Memorandumunun önəmini vurğulayıb.
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada iki ölkə arasında əlaqələrin inkişafından danışıb, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə fikirlərini bölüşüblər.