image-qanunla-reklam
image-img_20211119_132200

“Yeni Azərbaycan Partiyası xalqın istək və arzularının partiyasıdır” ŞƏRH

image-lady-day-az

Azərbaycan tarixinin son dərəcə ağır və çətin, ölkənin ciddi sınaqlara məruz qaldığı bir zamanda yaradılan Yeni Azərbaycan Partiyası ictimai-siyasi fikir tariximizin çox önəmli səhifələrindən birinə çevrilib. Burulğanlı, keşməkeşli bir dövrdə ictimai-siyasi meydana gəlmək və ölkəmizin müqəddəratında rol oynamaq, tənəzzüldən tərəqqiyə doğru inamla irəliləmək əlbəttə ki, çətin və şərəfli bir məramın reallaşması deməkdir. 29 il bundan əvvəl yaradılan və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn misilsiz xidmətlərlə zəngin olan yol keçib. Məlumdur ki, 1991-ci ilin 18 oktyabrında Azərbaycanda dövlət müstəqilliyimiz rəsmən elan olunduqdan sonra ölkəmiz bu müstəqilliyi itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdır. O vaxtkı iqtidarın səristəsiz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər, hətta bir dövlət kimi Azərbaycana dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi yaratmışdır. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Belə bir zamanda Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə muraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi.

1992-ci il noyabrın 21-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sədrliyi və tanınmış ziyalıların iştirakı ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransının keçirilməsi o zaman yeni müstəqillik qazanmış ölkəmizin bu müstəqilliyi itirmək təhlükəsindən xilas olmasına, ölkəmizin müqəddəratının dəyişməsinə aparan yolun başlanğıcı oldu. Hər hansı siyasi partiyanın yarandığı vaxtdan keçən, qısa müddət ərzində, hakimiyyətə gəlməsi tarixdə çox nadir hallarda rast olunsa da, YAP cəmi altı ay sonra hakimiyyətə gəldi və iqtidar partiyasına çevrildi.

29 illik tarixi yolda Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayır. Müasir dövrdə beynəlxalq arenada tanınan və qəbul edilən nüfuzlu partiyalar sırasında olması onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə bağlıdır. Daxili və xarici siyasət strategiyasının aydın konturları YAP-ın cəmiyyətin mütləq əksəriyyətinin inamını qazanmasında müstəsna rol oynayır.

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə daha da artmaqdadır. Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Möhtərəm Prezident Cənab İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində, Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Bu gün müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir. Yeni Azərbaycan Partiyası bu gün də müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir və bu, partiyaya ümumxalq inam və etimadının daim artması ilə müşahidə olunur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, “Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir. Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir”.

YAP-ın VII Qurultayı partiyadaxili islahatlar baxımından böyük önəm kəsb edir. Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qeyd etdiyi kimi, YAP-ın VII Qurultayının keçirilməsi ölkədə və regionda yaranmış yeni reallıqlarla bağlıdır: “Belə ki, Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib, eləcə də, ötən dövrdə beynəlxalq müstəvidə bir çox nailiyyətlər əldə etmişik. Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasəti bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Azərbaycanın tərəfdaşlarının sayı artdı, beynəlxalq aləmdə mövqeləri gücləndi. İkinci Qarabağ müharibəsinin nəticələri isə bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Müharibənin nəticələri ölkəmizin yeni dövrə qədəm qoyması baxımından yeni imkanlar açıb”.

2003-cü ildən etibarən, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Əlbəttə ki, YAP-ın fəaliyyət mexanizminin əsaslarını təşkil edən mühüm prinsiplərdən biri güclü dövlət anlayışıdır. Bu güclü dövlət anlayışı isə həm dövlətin iqtisadi qüdrətinin artırılmasını, həm də vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasını özündə ehtiva edir. Güclü iqtisadiyyatı, dinamik inkişafı, ordu qurculuğu sahəsində əldə olunan nailiyyətlər qısa bir zamanda Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. 44 günlük Vətən müharibəsində xalqımızın milli mübarizə ruhu, sarsılmaz həmrəyliyi, dövlətimizin gücü Azərbaycanın ermənilər tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi. Xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Dövlət başçısı Sərkərdəlik məharəti nümayiş etdirərək Qarabağın xilaskarı kimi tarixə adını həkk etdi. Bu Zəfərlə həm tarixi ədalətin, həm də beynəlxalq hüququn bərpasına müvəffəq olduq və dövlətimizin gücü bir daha dünyaya bəyan edildi.

Bu gün YAP-ın yaradılmasının 29-cu ildönümünü qalib xalq kimi Zəfər qazanmış dövlətimizdə qeyd edirik.

 

Pərvin MAHMUDOVA

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki