image-qanunla-reklam
image-adil_aliyev1

Yeni siyasi reallıqlar Azərbaycana çox şey vəd edir

image-lady-day-az

Ötən il müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz tarix yazdı, uzun illər işğal altında olan ərazilərimiz azad edildi. Müharibənin başladığı ilk günlərdən etibarən bir-bir azad olunan kənd və qəsəbələrimizin, şəhər və rayonlarımızın siyahısını gördükcə, hər bir Azərbaycanlının ürəyi dağa döndü. Bu qalibiyyət uzun illər aparılan uğurlu siyasətin məntiqi nəticəsi idi, – desək yanılmarıq.

Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən üzərinə qoyulmuş bütün vəzifələrin öhdəsindən layiqincə gələrək, düşməni təslim olmağa məcbur etdi.

Qalibiyyətin məntiqi davamı kimi, Ermənistanın baş naziri kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Təbii ki, burada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün şərtləri diktə etdi və Ermənistanın baş nazirinin bunu qəbul etməkdən başqa yolu qalmamışdı.

Prezident İlham Əliyev Ermənistana dəfələrlə xəbərdarlıq etmişdi. Hətta BMT-nin iclasında bildirmişdi ki, əgər Ermənistanı dayandırmasanız, biz onları dayan­dıracağıq. Lakin dünya dövlətləri sanki Ermənistanın apardığı təxribat siyasətini görmür, işğalçı­nın bu siyasətini dəstəkləyirdilər. Nəticədə işğalçı dövlət məğlub oldu. Ermənistan məğlub tərəf olaraq, Azərbaycanın diktələrinə qeyd-şərtsiz əməl edəcəyini öz öhdəsinə götürdü.

Şuşa şəhəri azad edildikdən sonra isə artıq Ermənistanın məğlub olduğu hamı üçün açıq-aş­kar idi. Tarixi Azərbaycan torpaq­larının işğaldan azad edilməsi hər birimiz üçün böyük bir bay­ramdır. Dilindən, dinindən, siyasi fikirlərindən asılı olmayaraq, hər bir azərbaycanlının cənab Prezidentin ətrafında sıx birləşərək, həmrəylik göstərməsi isə Azərbaycan xalqı­nın və onun rəhbərinin qüdrətindən xəbər verir.

Müharibənin ağır, məşəqqətli günlərini yaşamağımıza baxma­yaraq, Azərbaycan dövləti Prezi­dent İlham Əliyevin düşünülmüş siyasəti sayəsində ayaqda durmağı bacardı. İndi isə qarşıda daha vacib məsələ – Qarabağın yenidən bərpası dururdu. Dövlət başçısı işğaldan azad olunmuş bölgələrə ardıcıl səfərlər edir, rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə mü­vafiq tədbirlərin görülməsi barədə sərəncamlar verirdi.

Belə ki, regionların kənd təsərrüfatı, turizm, dağ-mədən sənayesi və digər sahələr üzrə potensialından daha da səmərəli istifadə olunması iqtisadiyyatımızın qeyri-neft sektorundan asılılığını minimuma endirməklə ölkəmizin dayanıqlı inkişafını təmin etmiş ola­caq. Prezident İlham Əliyevin istər işğaldan azad edilmiş rayonlarımı­za, istərsə də digər bölgələrimizə ardıcıl səfərləri göstərir ki, bu çərçivədə açılışını etdiyi obyektlər də ölkəmizdə bu istiqamətdə həyata keçirilən genişmiqyas­lı siyasətin bariz göstəricisidir. Prezident İlham Əliyev səfər çərçivəsində verdiyi müsahibələrdə də bu istiqamətlərdə bütün işlərin plan üzrə getdiyini və regionla­rın sosial-iqtisadi inkişafı dövlət proqramının icra edildiyini hər dəfə diqqətə çatdırır.

Dövlət başçısı çıxışlarında bildirir ki, hazırkı reallıqlar fonunda bütün dünyada iqtisadi tənəzzülün müşahidə olunduğu bir vaxtda Azərbaycan iqtisadiyyatında 2 faiz, qeyri-neft sektorunda isə 5 faiz artımın olması çox yaxşı göstəricidir və görülən səmərəli işlərin təzahürüdür. Son illər kənd təsərrüfatı sahəsində görülən işlər də öz müsbət nəticəsini verməkdədir. Bu istiqamətdə altı ay ərzində 5,6 faiz artım əldə edilib. Valyuta ehtiyatlarımızın 1 milyard dollar artması isə xüsusi diqqət çəkən məqamdır. Çünki hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır, həmçinin pandemiyanın iqtisadiyyatımıza mənfi təsirləri olub. Lakin bütün bunların fonunda valyuta ehtiyatlarımızda 1 milyard dollar artım olub ki, bu da iqtisadi siyasətimizin doğru istiqamətdə ol­duğunu göstərir. Bir sözlə, Cənubi Qafqaz iqtisadiyyatında 60 faiz paya malik Azərbaycanda son altı ayın sosial-iqtisadi göstəricilərinə baxarkən kifayət qədər pozitiv meyilləri görmək mümkündür.

Dövlətimizin başçısı Azərbaycan Televiziyasına son müsahibəsində digər mühüm məqamlara da toxunulur, iş­ğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, Şərqi Zəngəzurun və Qarabağın yenidən dirçəldilməsi istiqamətində görülən işlər barədə də ölkə ictimaiyyətinə ətraflı məlumat verilir. Əvvəla, qeyd edim ki, bu gün azad olun­muş torpaqlarımızda görülən işlərdə vətəndaşlarımızın rəyinin nəzərə alınması və ictimaiyyətin oradakı işlərlə bağlı mütəmadi məlumatlandırılması çox müsbət amil kimi dəyərləndirilir. Bu gün minatəmizləmə işləri ilə bərabər, enerji təsərrüfatının, yol infrastruk­turunun qurulması istiqamətində də mühüm işlər görülür. Prezident bu ilin sonuna qədər azad edil­miş torpaqlarda bütün elektrik təsərrüfatının qurulacağını, orada 200 meqavatlıq Günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılığın əldə olunduğunu bəyan etdi.

Bu gün yaşadığımız postmüharibə dövründə kifayət qədər çağırışlar mövcuddur. Azərbaycan postmüharibə döv­rünün gündəliyinin böyük qismi­ni müəyyən edir. Düşünülmüş siyasət, hücum diplomatiya­mız, vaxtında atılmış addımlar sayəsində ölkəmiz müharibədən sonrakı vəziyyətə də tam nəzarət edir və bütün işlər uğurla apa­rılır. Bununla yanaşı, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistanın özündə belə siyasi gündəliyin müəyyən hissəsi məhz Azərbaycan tərəfindən formalaş­dırılır. Bu gün nəinki regionda, hətta artıq dünya miqyasında ən çox danışılan mövzulardan biri də Zəngəzur dəhlizinin açılması məsələsidir. Azərbaycan Televizi­yasına müsahibə zamanı Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyən müxtəlif qüvvələrə də qəti mövqe­yimizi bir daha açıq və birmənalı şəkildə çatdıraraq dedi: “Bizim mövqeyimiz dəyişməz olaraq qalır və Zəngəzur dəhlizi mütləq açılma­lıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır”.

Əlbəttə ki, bu dəhlizin açılma­sı Ermənistan da daxil olmaqla bölgənin inkişafına, region xalqla­rının maraqlarına xidmət edəcək. Həmçinin yeni regional əməkdaşlıq formatı üçün əlverişli zəmin yara­dacaq. Ona görə də bu dəhlizin və digər kommunikasiyaların açılması Ermənistandakı hazırkı ağır və acı­nacaqlı vəziyyətdən yeganə çıxış yoludur. Təəssüf ki, Ermənistan rəhbərliyi və bəzi qüvvələr hələ də bunu dərk etmək istəmirlər.

Təbii ki, müharibədən sonra sülh danışıqlarının başlanması, kommunikasiyaların açılması gözləniləndir. Azərbaycan dəfələrlə ən yüksək səviyyədə buna hazır olduğunu bəyan edib. Lakin hələ də yeni reallıqlarla barışmaqda çətinlik çəkən Ermənistan müxtəlif bəhanələrlə bu prosesdən yayınır, bu ölkədəki siyasi qüvvələr isə pozuculuq fəaliyyətlərini davam etdirmək istəyirlər. Prezident İlham Əliyev müsahibəsində Ermənistanda bu cür düşünənlərə statusun yerini xatırladaraq xəbərdarlığını artıq edib: O bildirib: “Ermənistan bununla hesablaşma­lıdır, yeni reallıqları qəbul etməlidir – istəsə də, istəməsə də. Heç vaxt unutmamalıdır ki, “dəmir yumruq” yerindədir”.

Dövlətimizin başçısının sərəncamları postmüharibə dövründə daxili siyasətimizin gündəliyini müəyyənləşdirir. Əsasən şəhid ailələrinin və qazilərin problemlərinin həlli, habelə onlara zəruri köməyin göstərilməsi məqsədilə “YAŞAT” Fondunun, Qarabağın getdikcə inkişafında bilavasitə iştirak edəcək Qarabağ Dirçəliş Fondunun təsis edilməsi də bu qəbildəndir. “Qələbə yaşadanları Siz də yaşa­dın” adı altında başlamış xeyriyyə marafonuna hər kəsin qoşulma­sı və bu marafonun çox böyük uğurla davam etdirilməsi, Vətən müharibəsi qazilərinin müalicələrini davam etdirmək məqsədilə Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə göndərilməsi, habelə onların müayinə və müalicələri ölkəmizdə uğurla davam etdirilməsi, onların sağalaraq ölkəmizə geri qayıtması hamımızı sevindirir.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edil­miş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaş­dırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli sərəncamı ilə bu şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onların 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi tapşırılıb.

2021-ci il iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin növbəti təqdim olunması mərasimi keçirildi. Şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış komplek­si 810 mənzildən ibarətdir. Eyni zamanda, kompleksdə 620 nəfərlik məktəb və uşaq bağçası var.

Ümumiyyətlə, şəhid ailələrinin və qazilərin sosial təminatlarının yaxşılaşdırılması məqsədilə bütün sahələrdə geniş işlər aparılır. Şəhid ailələri və qazilərin qayğıları hər zaman dövlət üçün prioritet məsələ olmuş, onların çətinliklərinin həlli daim ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində ol­muşdur. Bu sahədə dövlət orqanla­rı ilə yanaşı olaraq, Heydər Əliyev Fondu da geniş və səmərəli işlər görür. Fond tərəfindən qazilərin protez ortopedik vasitələrlə təmin edilməsi, şəhid və qazi övladlarının qayğılarının həlli, onlarla mütəmadi olaraq əlaqələri qurulması və s. bu sahədə aparılan işə öz müstəsna təsirini verir. Vətən müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli protezlərlə təmin olunub və normal həyata qayıdıb.

Vətən müharibəsində, habelə Şuşa döyüşləri zamanı qəhrəmanlarımızın göstərdiyi mi­silsiz şücaət, uğurlu əməliyyatların qısa müddət ərzinə böyük sürətlə davam etməsi hamımızı sevindirdi. Vətən müharibəsində göstərilmiş misilsiz qəhrəmanlıq artıq dünya hərb tarixində önəmli yerlərdən birini tutmaqdadır, müxtəlif hərbi təhsil müəssisələrində qəhrəmanlarımızın şücaəti, rəşadətli ordumuzun tətbiq etdiyi taktiki təlimlər, döyüş meydanında istifadə olunan müasir silahlarla bağlı təcrübə tədris edilir.

Təbii ki, dövlətin də əsas borcu, ilk növbədə, bu Qələbəni ona bəxş edən qəhrəmanların, habelə onla­rın yadigarlarının, Qələbədə payı olan hər kəsin mükafatlandırılması­dır. Ölkəmizdə bu sahədə görülən tədbirlərdən biri də bütün yerli icra hakimiyyəti orqanlarında şəhid ailələri və qazilərlə iş üzrə müva­fiq struktur bölmənin yaradılması oldu. Yerli icra hakimiyyətlərində yeni yaradılmış bu şöbələrin əsas funksiyası şəhid ailələri və qazilərin müraciətlərinin dərhal icraata qəbul edilməsi, onların həlli istiqamətində müvafiq addımla­rın atılması və nəticələri barədə məlumatların verilməsini təşkil edir. Bu şöbələr yaradıldıqdan sonra onların işçilərinin böyük əksəriyyəti müharibə iştirakçılarının arasından seçildi. Bir sözlə, postmüharibə dövründə yaranan çətinliklər getdikcə aradan qaldırılır.

Azərbaycanın apardığı uğurlu diplomatik kurs nəticəsində bir çox ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər qu­rulub. Eyni zamanda, dünyanın bir çox dövlətləri də regionun lideri olan Azərbaycanla dostluq münasibətlərinin yaradılmasında daim maraqlıdırlar. Ölkəmiz sədrliyi üzərinə götürdüyü beynəlxalq təşkilatlara uğurla rəhbərlik edir, eləcə də yüksək səviyyəli görüşləri uğurla keçirərək qaldırılan problemlərin həllinə nail olur. Dip­lomatik müstəvidə aparılan uğurlu siyasət nəticəsində Azərbaycan bir çox dövlətləri özündə birləşdirən Qoşulmama Hərəkatının 2019-2022-ci illərdə sədri seçildi. 2016-cı ildə təşkilatda sədrliyi üzərinə götürən Azərbaycan bu vəzifənin öhdəsindən layiqincə gəlir.

Azərbaycan altmış il əvvəl əsası qoyulmuş Qoşulmama Hərəkatının on ildir ki, üzvüdür. Hərəkatın 2019-cu ildə Bakı­da Zirvə görüşü təşkil edildi və Azərbaycan təşkilatda sədrliyə başladı. Hərəkata rəhbərlik etdiyi­miz gündən başlayaraq, görülən işləri aşağıdakı kimi xarakterizə edə bilərik: Birincisi, ölkəmiz Qoşulmama Hərəkatının sədri olaraq, ilk növbədə, dünyanı iflic vəziyyətinə salmış pandemiya­ya qarşı birgə mübarizə apar­maq və bütün səylərin səfərbər edilməsi məqsədilə beynəlxalq təşəbbüslərlə çıxış etdi. İlk növbədə, 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının təmas qrupu ölkələrinin Zirvə görüşü təşkil olundu. Görüşdə təmas qrupunun üzvləri ilə yanaşı, BMT-nin Baş katibi, Baş Assambleya­sının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru və digər vəzifəli şəxslər də iştirak etdilər. Zirvə görüşündə qarşıya qoyulmuş hədəflərdən biri də tibbi ehtiyacla­rın müəyyən edilməsi məqsədilə Hərəkata üzv dövlətlərin məlumat bazasının yaradılması idi. Han­sı ki, bu gün ÜST koronavirusa qarşı aparılan mübarizədə mövcud ehtiyacların müəyyənləşdirilməsi məqsədilə istinad mənbəyi kimi həmin məlumat bazasından istifadə edir.

İkincisi, təşkil edilmiş görüşdə Qoşulmama Hərəkatının adından dövlətimizin başçısı tərəfindən pandemiyanın qarşısının alınması və fəsadların aradan qaldırılma­sı məqsədilə dövlət və hökumət başçıları səviyyəsində Birləşmiş Millətlər Təşkilatına Baş Assamb­leyasının xüsusi sessiyasının keçirilməsi təklif edildi. Təklif BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənərək qəbul edildi və BMT-nin Xüsusi Sessiya­sı 2020-ci il dekabrın 3-4-də baş tutdu.

Üçüncüsü, ölkəmiz sədr olaraq mandat aldığı QH-nin adından qeyd olunan işləri görməklə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatına pandemiyaya qarşı mübarizədə effektivliyi artırmaq, habelə tibbi avadanlıqların alınması məqsədilə könüllü maliyyə töhfəsi etdi. Qeyd olunan vəsaitin yarısının Qoşulmama Hərəkatına üzv olan dövlətlərdə pandemiyaya qarşı mübarizənin qarşısının alınmasın­da istifadə edilməsi nəzərdə tutul­du. Eyni zamanda, ölkəmizin atdığı addımlar, ilk növbədə, dövlətimizin, sonra isə Hərəkatın nüfuzunun yüksəldilməsinə xidmət edir. Belə ki, ölkəmiz dünyada peyvəndin qeyri-bərabər bölünməsinə diqqət çəkərək, ümumi bəlaya qarşı mübarizədə birliyin vacibliyinə toxundu və qeyri bərabər bölgünün tam ədalətsiz olduğunu qeyd etdi.

Dördüncüsü, Qoşulmama Hərəkatı kimi böyük bir təşkilata sədrlik edən ölkəmiz Tovuz döyüşləri, eləcə də şanlı tariximi­zin ən böyük hadisəsi olan Vətən müharibəsi zamanı QH üzvü olan ölkələr tərəfindən geniş şəkildə dəstəkləndi və Azərbaycanın ərazi bütövlüyünün bərpasında haqlı olduğunu ifadə edən vahid mövqe sərgiləndi.

Bu baxımdan, görülən ge­nişmiqyaslı işlərin və atılan doğru addımların nəticəsində Qoşulmama Hərəkatına üzv dövlətlər Ermənistanın ölkəmizin ərazisini işğal etməsi və işğal faktını təsdiqləyən BMT-nin dörd qətnaməsinə istinad edərək, lap əvvəldən haqlı mövqeyimizi dəstəklədilər. Eləcə də 2020-ci ilin iyulunda Tovuz rayonunda Ermənistan tərəfindən törədilmiş təxribatla bağlı Qoşulmama Hərəkatı üzvləri tərəfindən Ermənistanın törətdiyi cinayətlərin dayandırılması ilə bağlı vahid möv­qe nümayiş etdirildi. Eyni zaman­da, Vətən müharibəsi dövründə Birləşmiş Millətlər Təşkilatının üzvü olan bəzi dövlətlər BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni heçə sa­yaraq, qərəzli addımlar atmağa cəhd etdikləri anda Qoşulmama Hərəkatının üzv dövlətləri qərəzli addımların qarşısının alınmasında xüsusi fəallıq göstərdilər. Onlar qəbul ediləcək sənədin mətnində sözügedən dörd qətnaməyə istinad edilməli olduğunu bildirərək, bunun həm Azərbaycanın pozulmuş hüquqlarının müdafiəsi xarakte­ri daşıdığını bildirdilər. Bu, həm beynəlxalq hüququn, həm də “Ban­dunq prinsipləri”nin tələbi idi.

Bu gün ölkəmiz Qoşulma­ma Hərəkatı da daxil olmaqla, bir çox beynəlxalq təşkilatlarda uğurla təmsil olunur, habelə sədr kimi təşkilatın fəaliyyətinin genişləndirilməsi, gənclər sahəsində əməkdaşlığın zərurəti kimi təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslər Azərbaycanın milli ma­rağından irəli gələn və irəli sürülən iddialar arasında yer alıb. Bu ma­raqlar konteksində biz iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi oldu. Şuşa Bəyannaməsinin im­zalanması region üçün çox böyük geosiyasi hadisədir. Azərbaycan Prezidenti İlham Əliyev və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imza­lanmış Bəyannamə ölkələrimizin tarixi qardaşlığının, dostluğunun və birliyinin əyani təcəssümüdür. İki ölkə və onun xalqları arasında­kı dostluq və qardaşlıqdan çıxış edərək ölkələrimizin münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran Bəyannamə xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Bəyannamə ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsindən irəli gələrək xalqlarımızın birliyini, ortaq milli-mənəvi dəyərlərini əks etdirir.

Eyni zamanda, qardaş Türkiyə Respublikasının Şuşa şəhərində konsulluq yaratmaq qərarı Qarabağımız üçün yeni inkişaf perspektivləri vəd edir. Şuşa Bəyannaməsi ilə yanaşı, Azərbaycan, Türkiyə və Pakis­tan parlamentləri arasında Bakı Bəyannaməsinin imzalanması da Azərbaycan üçün açılmış yeni reallıqları möhkəmləndirməyə hesablanıb.

Müharibədə şanlı ordumuz tərəfindən qənimət olaraq ələ keçirilmiş, habelə məhv edilmiş düşmən ordusuna məxsus olan silahlar, texnikalar Ermənistanın iqtisadiyyatını da məhv etdi. Həmçinin, erməni xalqı bu gün Ermənistanda baş verənlərdən bezib və özləri də başa düşürlər ki, revanşist hisslərə qapılmaq böyük itkilərlə nəticələnə bilər.

Bütün bunlara baxmayaraq, ABŞ-da və ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən erməni lobbisi və diaspor təşkilatları hər vəchlə bu sülhün qarşısını almağa çalışır, inteqrasiya prosesini ləngitməklə revanşizm hissini alovlandırmağa çalışırlar. Baxmayaraq ki, sülhü hər zaman dəstəklənməsi lazımdır.

Məsələn, keçən ay ABŞ Senatının xarici əlaqələr komitəsində keçirilən 2022-ci maliyyə ili ilə bağlı dinləmələr zamanı bir neçə senator Dövlət Departamentini Azadlığa Dəstək Aktına 907-ci düzəlişi dayandırmaqla Azərbaycanın maraqlarına xidmət edildiyini qeyd etdilər. Qeyri-mütənasib və əsassız mövqe göstərən senatorlar 907-ci düzəlişin qüvvədə saxlanılmasını bildirsələr də, onların bu fikirlərinə, təbii ki, heç bir məhəl qoyulmadı. Baxmayaraq ki, görüşdən əvvəl Amerikanın Erməni Milli Komitəsinin (ANCA) rəhbəri çıxışında bildirmişdi ki, 907-ci düzəliş yenidən qüvvəyə minəcək və “amerikalıların ödədiyi vergidən 1 dolların belə silah alınıb Azərbaycana göndərilməsinə yol verilməyəcək”. İrəli sürülən bu əsassız fikirlər təbii ki, qəbul edilə bilməzdi və edilmədi də. Sadəcə, ziddiyyətli fikirlər bəzi erməni diaspor təşkilatlarının sülhün qarşısında ən böyük əngəl olmasını bir daha göstərdi.

Bu gün Qarabağda böyük sürətlə abadlıq və bərpa işləri gedir. Təbii ki, Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında sürətlə aparılan quruculuq siyasəti tezliklə öz bəhrəsini verəcəkdir. Deyə bilərik ki, Qarabağa yeni nəfəs gəlir və artıq Şuşa şəhəri uzun illərdən sonra yenidən böyük tədbirlərə, festivallara ev sahibliyi edir. İnanırıq ki, tezliklə Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir. Bunun üçün isə, ilk növbədə, regionda sülhün, sabitliyin bərqərar olması ən vacib amildir.

Adil ƏLİYEV,

Milli Məclis Sədrinin müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki