Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisdə müzakirə olunur.
İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətlərini əhatə edir.
Qanun layihəsi ilə bağlı müzakirələr davam etdiyindən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təklif olunan bəzi dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.
Vergi Məcəlləsinə təklif olunmuş mühüm dəyişikliklərdən biri beynəlxalq və tranzit yükdaşıması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsinin ƏDV-yə sıfır dərəcə ilə cəlb edilməsidir.
Mövcud qanunvericilikdə beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yükdaşıması ilə bilavasitə bağlı yük aşırılma xidməti ƏDV-yə “0” dərəcə ilə cəlb edildiyi halda, həmin fəaliyyətə bağlı yardımçı nəqliyyat xidmətləri olan beynəlxalq və tranzit yükdaşıması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə 18 % dərəcə ilə cəlb edilir.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, nəqliyyat ekspedisiya xidmətlərini təşviq etmək, digər tranzit ölkələr də analoji fəaliyyətlə məşğul olan xarici müəssisələrə rəqabətdə yerli nəqliyyat-ekspedisiya xidmətləri göstərən şəxslərin dayanıqlılığını təmin etmək məqsədilə beynəlxalq və tranzit yük və sərnişin daşınması ilə bilavasitə bağlı olan ekspeditor xidmətlərinin göstərilməsinin ƏDV-yə “0” dərəcə ilə cəlb edilməsi nəzərdə tutulur.