Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Ağayev Elşad Teymur oğlu, Əliyev İsrəfil Həbib oğlu və Həsənov Vaqif Mərdalı oğlu barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Qanunla.Az-ın məlumatına görə, Hacıqabul rayon məhkəməsinə göndərilən iş Həmid Əzizovun icraatına verilib.
Qeyd edək ki, sözügedən şəxslər cari ilin yanvar ayında Hacıqabul RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıblar.
Belə ki, əməliyyat nəticəsində Muğan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Həsənov Rəşad Adil oğlu tutulub və onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Müəyyən edilib ki, rayonun Muğan qəsəbə sakini, 1988-ci il təvəllüdlü kriminal aləmdə “Yetim” ləqəbi ilə tanınan Ağayev Elşad Teymur oğlu tanışı, əvvəllər Rusiya Federasiyasında dəfələrlə məhkum olunmuş, kriminal ləqəbi “Makan” olan Hacıqabul şəhər sakini, 1965-ci il təvəllüdlü Həsənov Vaqif Mərdalı oğlundan satın aldığı narkotik vasitə olan heroinin bir hissəsini Həsənov Rəşad Adil oğluna, digər hissəsini isə Muğan qəsəbə sakini, 1991-ci il təvəllüdlü Əliyev İsrafil Həbib oğluna satıb. Keçirilən əməliyyat tədbirləri çərçivəsində Vaqif Həsənov saxlanılan zaman onun üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Digər bir əməliyyat zamanı Hacıqabul sakini, 1997-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş, kriminal aləmdə “Malış” ləqəbi ilə tanınan Zülfüqarov Əli Adil oğlu saxlanılıb. Onun üzəinə baxış zamanı ondan 330 qram narkotik vasitə olan qurudulmuş marixuana götürülüb.