Yevlaxda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunmuşdur
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Konstitusiya və Suverenlik ili” çərçivəsində müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri, qazilər, müharibə veteranları üçün iftar süfrəsi təşkil olunmuşdur.
Qanunla.Az xəbər verir ki, mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə qazısı, Gəncə “İmamzadə ziyarətgah” kompleksinin rəhbəri Hacı Tahir Abbasov, “Seyid Yusif Ağa” ocağının rəhbəri Hacı Seyid Səbuhi Yusifov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərliyi, Şəhid ailələri, qazilər və aztəminatlı ailələrin üzvləri iştirak etmişlər.
Mərasimdə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin müqəddəs xatirələrini bir dəqiqəlik sükutla yad etdilər.
Mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək bildirdi ki, mübarək Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda və eləcə də Yevlax rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir. İcra Başçısı çıxışında ölkəmizdə hakim olan sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini vurğulamışdır.
Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından danışaraq bildirmişdir ki, ölkəmizin ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlətimizin siyasətinin əsas prioritetlərindən biridir. Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli-mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricindəki uğurlu fəaliyyətindən ətraflı bəhs edərək bildirmişdir ki, multikultural ənənələri, tolerant mühiti, İslam dünyası daxilində həmrəyliyin möhkəmlənməsi istiqamətində atdığı tarixi addımları qlobal miqyasda maraqla qarşılanan Azərbaycanda müxtəlif dinlərin, o cümlədən İslam dinin abidələrinin qorunmasına xüsusi diqqətlə yanaşılır. Son dövrlərdə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Fond tərəfindən yeni məscidlərin tikilməsi və ya əsaslı təmiri də bu yanaşmanın təzahürüdür.
Şəhər rəhbəri Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
Daha sonra Yevlax şəhər “Cümə” məscidinin imamı Hacı Eldəniz, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə qazısı, Gəncə “İmamzadə ziyarətgah” kompleksinin rəhbəri Hacı Tahir, “Seyid Yusif Ağa” Ocağının rəhbəri Hacı Seyid Səbuhi tərəfindən “Qurani-Kərim” dən ayələr oxunmuş, Ramazan ayının fəzilətlərindən bəhs olunmuş və şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad edilmiş,həmçinin qeyd olunmuşdur ki, Azərbaycanda təşkil olunan iftar süfrələri ölkəmizin multikultural dəyərlərə sadiqliyini, ənənəvi tolerantlığını və sıx birliyini nümayiş etdirir.
Mərasimdə çıxış edən Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Ceyhun Əyyubovun anası Arzu Əyyubova Şəhid ailələrinə göstərilən diqqətə, qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Mərasimin gedişində Yevlax şəhər “Cümə” məscidinin imamı Hacı Eldəniz, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə qazısı, Gəncə “İmamzadə ziyarətgah” kompleksinin rəhbəri Hacı Tahir, “Seyid Yusif Ağa” Ocağının rəhbəri Hacı Seyid Səbuhi dini dəyərlərin təbliğində və rayonun ictimai həyatında göstərdiyi fəallıqlarına görə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuşlar.