image-qanunla-reklam
image-fotojet-69

Yeyəndə boğazımızda, yeməyəndə ürəyimizdə qalır – ARAŞDIRMA

image-lady-day-az

Mütəxəssislər deyirlər ki, dönərdən zəhərlənmənin qarşısını almaq üçün istifadə edilən məhsullar keyfiyyətli olmalı, sanitar-gigiyenik qaydalara riayət edilməlidir. Üstəlik, dönərin qazda deyil, köz və ya kömürdə bişirilməsi tövsiyə olunur.

Uşaqdan böyüyə hər kəsin sevimli ayaqüstü yeməyi olan dönərdən zəhərlənmə halları, təəssüf ki, tez-tez baş verir. Zəhərlənmə xəbərlərini eşidəndən sonra dönərimizi nə rahat yeyə bilirik, nə də imtina edə. Çünki dönərxanaların qarşısından keçəndə dönərin qoxusu adama gəl-gəl deyir. Və beləcə, yeyəndə boğazımızda, yeməyəndə ürəyimizdə qalır.

Sevimli yeməyimiz bizi niyə “zəhərləyir”?

Əksər insanlar dönərdən zəhərlənmələrin səbəbini ətdə görür. “Əşi, 1 manat 50 qəpiklik dönər necə olacaq”, “Allah bilir nə əti ilə hazırlanır” kimi fikirlər səsləndirirlər. Dönərin inqrediyentləri təkcə ətdən ibarət deyil axı… Bəlkə “günah” ətdə deyil? Görəsən sevimli ayaqüstü yeməyimizdən ehtiyat etməyimizə nələr səbəb olur?

1 manat 50 qəpiklik dönərin aqibəti

Qida texnoloqu Ağa Salamov “Kaspi”yə açıqlamasında bildirdi ki, hazırda dönərxanaların prinsipi ucuz dönər satmaqdır. Təbii ki, ucuz dönər də ucuz ətdən əmələ gəlir: “Məsələn, toyuğun 1 kiloqramı 4-5 manat arasında dəyişir. Dönərxanalarda toyuq dönərinə çörək, mayonez, xiyar, pomidor və s. əlavə edirlər. Onun maya dəyəri təxminən 3 manata qədər gəlib çıxır. Bəs necə olur ki, bunu 1 manat 50 qəpiyə satırlar? Ət dönərləri isə nisbətən baha olur, bu səbəbdən ətə daha çox güvənirlər. Lakin ət dönərinin də tərkibindəki ətin mənşəyi məlum deyil”.

Dəfələrlə dondurulan dönər ətləri

Qida ekspertinin sözlərinə görə, zəhərlənmələrin əsas səbəbi dönər ətlərinin dəfələrlə dondurulması və mayonezlərdir: “Dönərlər, bəzən ölkəyə idxal olunan ucuz, mənşəyi məlum olmayan ətdən hazırlanır. Hansı ki, Ukraynadan, Hindistandan gəlir. Bu ətlər ölkəyə gələndə donmuş olur, donu açılır, müəyyən qismi şişə taxılır. Sonra yerdə qalan hissəni  dondururlar ki, satışa çıxartsınlar. Çünki ətə tələbat olduqca (??? Yəqin ki, azdır), mərhələli şəkildə satılır. Dondurmasalar, yenidən sata bilməzlər. Bəzən ət uzun müddət dondurucuda qalır. Dönərxana da onu alır, donu açılır və zəhərlənmə halı baş verir”.

2 saat ərzində bitməli olan emal

Ağa Salamov deyir ki, ətdə yaranan mikrobioloji çirklənmə də zəhərlənmələrə səbəb olur : “Bəzən dönərçi özünü sığortalamaq üçün deyir ki, yerli ətdən istifadə edirəm. Amma əti otaq temperaturunda saxlayıb, emal müddətini 2 saat ərzində tamamlamayanda mikro-bioloji çirklənmə əmələ gəlir. Bu da qida zəhərlənməsinə yol açır. Ət məhsullarının emalı mütləq şəkildə 2 saata qurtarmalıdır”.

Saralan mayonezlər

Həmsöhbətimiz vurğulayır ki, dönərxanalarda mayonez məhsulları günəşin altında, otaq temperaturunda, saatlarla istifadə olunur: “Hətta çox vaxt özümüz də şahid oluruq ki, otaq temperaturunda qalmaqdan üstü saralan mayonezi çörəyin arasına çəkib insanlara satırlar. Buna görə, mayonez də zəhərlənməyə səbəb ola bilər”.

Tarladan süfrəmizə

Qida mühəndisi İsa Əliyevə görə isə bütün qida məhsullarının ana prinsipi var. Bu prinsip tarladan süfrəmizə qədər olan proseslərdə qida təhlükəsizliyi və qida güvənliyidir: “Qida təhlükəsizliyini HACCP (Hazard Analysis Critical Control Point) təhlükə analizi və kritik kontrol nöqtələri sistemi tənzimləyir. Orada müəyyən analizlər və yoxlamalar aparılaraq məhsulun etibarlılığına, təhlükəsizliyinə tam əmin olunur. Bu prinsipə bəzi hallarda riayət olunmadığı üçün zəhərlənmələr baş verə bilər”.


Dönərxana sanitar-gigiyenik qaydalara tam uyğun olmalıdır

İsa Əliyev bildirdi ki, dönərxana sanitar-gigiyenik qaydalara tam uyğun olmalıdır: “Dönərin ana maddəsi ət olsa da, onun içində digər inqrediyentlər də olur. Əgər zəhərlənmə halları ət məhsullarındandırsa, o zaman ətin çıxış nöqtəsinə baxmaq lazımdır. Ətin necə, hansı şəraitdə kəsildiyindən, kəsim yerində sanitar və gigiyenik qaydalara əməl olunmasından, yaxud da onları yuyarkən istifadə olunan suyun təmiz olmasından tam əmin olmalıyıq. Bəlkə də, ət normaldır, amma suyun üzərində olan bakteriya dönərxananın içərisinə qədər gəlmişdir. Dönərxana sanitar-gigiyenik qaydalara tam uyğun olmalı, mütəmadi olaraq yuyulub təmizlənməlidir. Təmizlik işləri görülən zaman da diqqətli olmalıyıq. Çünki kimyəvi maddələrdən istifadə olunur. Kimyəvi maddənin özü belə zəhərlənməyə səbəb ola bilər”.

Ərzaqların yuyulması doğru şəkildə həyata keçirilmir

Həmsöhbətimiz ətdə yaranan bakteriyalar haqqında da danışdı: “Ət məhsullarında xüsusən salmonella, e-coli kimi bakteriyalara çox rast gəlinir. O bakteriyalar da natəmizlikdən yaranır. Dönərin hazırlanmasında istifadə olunan digər qidalar da analiz olunmalıdır. Orada kahıdan, pomidordan, xiyardan istifadə olunur. Bir çox hallarda onların yuyulması doğru şəkildə həyata keçirilmir. Yəni zəhərlənmə təkcə ətdən deyil, ətlə yanaşı istifadə olunan digər məhsullardan da yarana bilər”.

Qaz, yoxsa kömür?

İsa Əliyev zəhərlənmə hallarının başqa bir səbəbini dönərin bişirildiyi qazda görür: “Dönər məhsulları közdə və ya kömürdə bişməlidir. Kömürün də çeşidləri önəmlidir, mütləq təmiz kömür olmalıdır. Amma qazla bişirilən məhsullarda istər-istəməz problem yaranır. Çünki qaz kimyəvi maddədir və qida ilə birbaşa təmas zamanı zəhərlənmə riski böyük olur. Zəhərlənmə halının baş verməməsi üçün dönər məhsullarının qazda deyil, köz və ya təmiz kömürdə bişirilməsi tövsiyə olunur”.

Yol qırağındakı ucuz dönərlər

Mütəxəssis yol qırağında 1 manat, 1 manat 50 qəpiyə satılan dönərləri tövsiyə etmir: “Mən özüm də dönər yeyirəm, amma güvəndiyim, bildiyim yerdən alıram. Məsələn, görürəm ki, yol kənarında deyil, yoldan hər hansı toz, torpaq, fiziki kontaminasiya olmur və yaxud da həmin yerdə yuyulma prosesi dəqiq gedir. Yol qırağında olan ucuz, 1 manat, 1 manat 50 qəpiyə dönər satan bir çox obyektlər var. Bu yerlərin elə zahiri görünüşü də gigiyenik qaydalara riayət edilmədiyini çox açıq göstərir. Bu kimi yerlərdən istehlakçıların dönər almasını tövsiyə etmirəm. Yalnız gigiyenik qaydalara riayət edilən, hətta dönərçinin uniformasına qədər düzgün geyinmiş ustanı gördükdə, o zaman bir istehlakçı olaraq güvənirəm”.Bu barədə kaspi qəzeti məqalə dərc edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki