image-qanunla-reklam
image-b681aca0-0130-4f62-96be-63a830f89ad3

“Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy

image-lady-day-az

Qalmaqallı məhkəmə qərarının heç bir hüquqi əsaslandırması yoxdur: “Qanunsuzluq və ədalətsizlikdir”

Məlum olduğu kimi, ötən il dekabrın 6-da Bakı İnzibati Məhkəməsində özəlləşdirmə çekləri sahibi olan bir qrup şəxsin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) qarşı dövlət özəlləşdirmə payları üzərində mülkiyyət və sahibkarlıq hüquqlarına qarşı olan pozuntuların aradan qaldırılması, özəlləşdirmə paylarına düşən əmlakın naturada müəyyən edilməsi və ya kompensasiya ödənilməsi tələbinə dair iddiası üzrə məhkəmə iclası keçirilib. Məhkəmə iddianı mümkün saymayıb.

Cavabdeh qurum olan ƏMDX-nin nümayəndəsi bildirib ki, dövlət özəlləşdirmə payları (çeklər) “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılıb. İddiaçılar isə bəyan edirlər ki, bu, tamamilə yanlışdır. Çünki DÖÇ-lər fərmanla deyil, QANUNla dövriyyəyə buraxılıb və dövriyyədə tədavül, ödəmə-tədiyyə vasitəsi kimi istifadəsi, özəlləşdirmə dövründə istifadə edilə bilməyən payların dövriyyədən çıxarılma qaydası da 445 N-li qanunun 19.1-ci bəndi ilə tənzimlənir. Müvafiq fərman isə bununla bağlı qanunların icrasını təmin etmək məqsədilə imzalanıb. Heç bir fərmanla QANUNun verdiyi hüquqlar məhdudlaşdırıla bilməz.

ƏMDX-nin nümayəndəsi söyləyib ki, Azərbaycanda dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli 202 nömrəli Fərmanına əsasən dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədiyyə vasitəsi kimi istifadə müddəti 2011-ci ilin yanvar ayının 1-də başa çatıb və həmin çeklər dövriyyədən çıxarılıb. İddiaçılar isə bəyan edirlər ki, bu, yalan məlumatdır, çünki bununla bağlı hər hansı bir qanunvericilik aktı mövcud deyil. İddiaçılar ƏMDX-nin nümayəndəsinə sadə bir sual veriblər ki, 2004-cü il tarixli 75 saylı Fərmanın 1.2-ci bəndinin göstərdiyi qanunvericilik qaydası nə vaxt qəbul olunub və bu qayda harada yazılıb. Nümayəndə bu suala cavab verməkdən imtina edib.

ƏMDX-nin nümayəndəsi 2004-cü il tarixli 75 saylı Fərmanın 1.2 bəndi ilə “dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə vasitəsi kimi istifadə edilməyən özəlləşdirmə payları (çekləri) qanunvericiliklə müəyyən edilmiş qaydada dövriyyədən çıxarılır” yazısını öz fərziyyəsi ilə yozaraq, 2011-ci ildən DÖÇ-lərin dövriyyədən çıxarıldığını iddia edib. İddiaçılar sə bəyan ediblər ki, bununla ƏMDX öz qanunsuz əməllərinə hüquqi qüvvə verməyə və məsuliyyəti cənab Prezidentin üstünə atmağa çalışır. İddiaçıların sözlərinə görə, onlarda olan rəsmi dövlət orqanları tərəfindən verilmiş sənədlərdə, Nazirlər Kabinetinin qərarlarında və Prezidentin fərmanlarında olan hüquqi faktlar ƏMDX-nin nümayəndəsinin söyldiklərinin tam əksini göstərir.

Yəni DÖÇ-lərin 2011-ci ildən bu yana qiymətli kağız olaraq DÖVRİYYƏDƏN çıxarıldığına dair müvafiq dövlət orqanları tərəfindən verilmiş heç bir rəsmi məlumat yoxdur. Buna cavabdeh olan qurumlar əvvəlcə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, ondan sonra Maliyyə Bazarlarına Nəzarət Komitəsi olub, həmin qurumlar ləğv olunduqdan sonra isə qiymətli kağızlarına dövriyyədən çıxarılma səlahiyyəti Azərbaycan Mərkəzi Bankına verilib. 2011-ci ildən indiyədək bu 3 qurumun heç birinin rəsmi açıqlaması yoxdur ki, özəlləşdirmə çekləri dövriyyədən çıxarılıb. Və bu da o deməkdir ki, DÖÇ-lər QANUNla hələ də DÖVRİYYƏDƏDİR.

İddiaçılar xüsusi vurğulayırlar ki, DÖÇ-lər MÜLKİYYƏT HÜQUQUDUR. Mülkiyyət üzərində sahiblik haqqı isə yalnız və yalnız QANUNLA məhdudlaşdırıla bilər. Yəni, heç bir fərman mülkiyyət hüququnu məhdudlaşdıra bilməz.

Bütün bu faktlara baxmayaraq, məhkəmə çek sahiblərinin iddiasını təmin etməyib. Çek sahibləri bu qərarla razılaşmır və hüquqlarının pozulduğunu bəyan edirlər. Onlar qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət veriblər. Hüquqşünaslar isə məhkəmənin belə qərar verməsini qanunsuz və ədalətsiz sayırlar.

Hüquqşünas Namizəd Səfərov AYNA-ya şərhində Bakı İnzibati Məhkəməsinin vətəndaşların haqlı iddialarını təmin etməməsindən təəssüfünü ifadə edib: “Hesab edirəm ki, məhkəmə belə qərar verməklə ədalətsizliyə imza atıb. Məlumdur ki, özəlləşdirmə prosesi vətəndaşlara SSRİ-dən miras qalan dövlət mülkiyyətinin məmurlar tərəfindən oğurlanması ilə başa çatıb. Bu fərmanda qeyd olunurdu ki, özəlləşdirmə prosesində əsas payçılar vətəndaşlar olacaq. Lakin nəticədə acınacaqlı oldu. Vətəndaşlar demək olar ki, bu prosesdən kənarda qaldılar”.

“Özəlləşdirmə çeklərinin tədavüldən qanunsuz olaraq çıxarılması ilə əllərində çekləri qalan yüz minlərlə cvətəndaşımızın hüquqları pozuldu. İllərdir deyilir, qanunlar sadalanır, amma bu problem yoluna qoyulmur. Problemi həll etmək, pozulan ədaləti bərpa etmək əvəzinə məhkəmə daha bir ədalətsiz qərar qəbul edir”, – deyə ekspert bildirib.

Həmsöhbətimiz söyləyib ki, dövlət rəhbərliyi uzun illərdir haqqını tələb edən və əllərindəki qiymətli kağızın qiymətsiz vəziyyətə düşdüyü insanların səsinə səs verməlidir: “Ədalətli qərar verilməsi üçün göstəriş verilməlidir və məhkəmə instansiyaları da qanunun tələbinə uyğun ədalətli qərar qəbul etməlidir. Bu insanlar neçə illərdir ki, süründürməçiliyə məruz qoyulublar. Onların problemlərini həll etmək vacibdir. Vətəndaşın hüququ pozulursa, bu, dövlətin imicinə mənfi təsir göstərir. Düşünürəm ki, məhkəmə məsələyə yenidən baxmalıdır”.

Konstitusiya Araşdırmaları Fondunun (KAF) prezidenti, hüquqşünas Əliməmməd Nuriyev mövzuya dair AYNA-ya açıqlamasında qeyd edib ki, Bakı İnzibati Məhkəməsinin qərarı şübhəlidir: “Çünki əhaliyə əvəzsiz olaraq özəlləşdirmə çeklərinin paylanılması barədə fərmanda və bununla bağlı qanunvericilikdə aydın şəkildə göstərilib ki, özəlləşdirmə payı qiymətli dövlət kağızıdır və heç bir halda zamanla məhdudlaşdırıla bilməz. Eyni zamanda, qanunvericilikdə digər məqamlar da öz əksini tapıb ki, bu da pay sahiblərinin hüquqlarının qorunmasını özündə ehtiva edir”.

“Hesab edirəm ki, məhkəmə məsələni dərindən araşdırmalı və vətəndaşların hüquqlarının bərpası istiqamətində qərar verməli idi. Amma təəssüf ki, iddia təmin olunmayıb və bu da bir növ, növbəti dəfə vətəndaşların haqqını tapdamaqdır”, – deyə müsahibimiz vurğulayıb.

Nuriyev əmindir ki, uzun illərdir həll olunmayan vauçerlər məsələsinə birdəfəlik nöqtə qoyulmalıdır: “Məhkəmələr, aidiyyəti orqanlar qərar verməlidir. Faktiki olaraq vətəndaşın qiymətli kağızına “qiymətsizdir” demək, üzərində müddət göstərilməyən çekləri dövriyyədən çıxarmaq qanunsuzdur. Qanunun tələbinə əməl olunmalıdır. Ya bu çeklər yenidən dövriyyəyə buraxılsın, özəlləşdirmədə iştirak etsin, ya da kompensasiya ilə məsələ həll olunsun. Əks qərarlar verməklə vətəndaşları narazı salmaq yolverilməzdir”.

Hüquqşünas Vüqar Əliyev də AYNA-ya şərhində çek sahiblərinin hüquqlarının pozulduğunu bildirib: “Özəlləşdirmə çekləri hələ də hüquqi statusa malikdir. Bu baxımdan, məhkəmənin qərarı ədalətsizdir. İnanmıram ki, məhkəmə vauçerlərin hüquqi qüvvədə olmasından məlumatsızdır, sadəcə görünür ki, belə qərar vermək lazım imiş. Ümumiyyətlə, bu məsələni birdəfəlik həll etmək üçün əməli və konkret addım atılmalıdır. Bu addım da dövlət tərəfindən, aidiyyəti qurumlar tərəfindən vətəndaşların pozulan hüquqlarının bərpası istiqamətində olmalıdır”.

“Vətəndaşlara dövlətin verdiyi qiymətli kağızı qiymətsiz kağız parçası kimi qəbul etmək doğru deyil. Axı bütün qanunlar əllərində çeki qalmış və istifadə edə bilməyən vətəndaşın haqlı olduğunu göstərir”, – deyə mütəxəssis diqqətə çatdırıb.

O, hesab edir ki, qanunvericilikdə çeklərin işləmə mexanizmi yeni iqtisadi çağırışlara uyğun tətbiq olunmalıdır: “Məncə, problem qanunverici orqan olan Milli Məclisdə müzakirəyə çıxarılmalı və qəti qərar verilməlidir. Bundan başqa, yeni qanun mexanizmi işlənərək Milli Məclisə təqdim olunmalıdır. Yəni özəlləşdirmə çeklərindən istifadə və vətəndaşların hüquqları hansısa formada bərpa edilməlidir”.

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Diqqətə çatdırmaq lazımdır ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən Konstitusiya Məhkəməsinə məktub daxil olub və qeydiyyata alınıb. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Amma 11 aydır ki, Konstitusiya Məhkəməsində aparılan araşdırmanın nəticəsi yoxdur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki