Zəfər seçkisi.
2003-cü ildə Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursunun və dahi şəxsiyyətinin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqlədi. Ötən dövrdə Prezident cənab İlham Əliyevin qətiyyətli iradəsi, cəsarəti və məqsədyönlü siyasəti Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu illər ərzində ölkəmizin keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən dəyərli heç nə olmadığını göstərdi. Güclü ordumuz və Azərbaycan xalqının birliyi, əzmi, həmrəyliyi sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Ötən ilin sentyabrında suverenliyimiz tam bərpa olundu, Qarabağda separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Bununla da Azərbaycan tarixinin çox mühüm dövrünə yekun vuruldu. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qüdrətli sərkərdəliyi, öz müdrik siyasəti ilə xəyal kimi görünən arzularımızı həqiqətə çevirdi. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisi idi. Seçkilərdə seçici fəallığı 76,43 faiz olmuşdur. Cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. İndi isə yeni bir dövr başlayır, bu dövrün başlanğıcı məhz prezident seçkiləri ilə qoyulur.
Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı şanlı Qarabağ Zəfərinin sevincini yaşayır, haqlı qürur hissi keçirir. Azərbaycanın çoxəsrlik tarixində heç vaxt buna bənzər qələbə olmayıb. Xalqımız öz prezidenti ilə fəxr edir, ona qələbə sevinci yaşadan, başucalığı gətirən liderinə böyük dəstək verir. Prezident seçkiləri bunun daha bir bariz təcəssümü oldu. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmazdı, xalqımız, dövlətimiz hansı təhlükələrlə üzləşəcəkdi. Bu, bir daha təsdiqləyir ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkənin, xüsusilə Azərbaycan kimi gənc müstəqil ölkənin özünü təsdiqləməsi, irəliləməsi və beynəlxalq aləmdə nüfuz qazanması mümkünsüzdür. Bugünkü Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə sayılır, özünəməxsus inkişaf modelləri ilə tanınır. Xalq Prezident cənab İlham Əliyevə inanır, öz taleyini ona etibar edir. Məhz bu inam sayəsində xalq-iqtidar birliyi həlledici amilə çevrilib.
Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva