Zəfər seçkisi.
Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi, müdrik şəxsiyyətin davamçısı Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı gündən Azərbaycanın siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli etika nümunəsi təqdim etdi. Dövlətimizin başçısının yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Gənclərin potensialının gerçəkləşməsi, onların vətənpərvər, savadlı kadr kimi yetişməsi, gənc ailələrin sosial təminatına yönələn tədbirlər dövlətin uzaqgörən siyasətinin prioriteti hesab edildi. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artdı. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarının xalqın qalib ruhunun güzgüsü olduğunu, iqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin məntiqi nəticəsidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir: “Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyi, xalqı qarşısında misilsiz, unudulmaz xidmətlərini saymaqla qurtaran deyil. Ancaq ən vacib və əbədiyaşar xidmətlərdən biri Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsidir. Bu gün dünya ictimaiyyəti də şahiddir ki, Qarabağ Azərbaycandır! Hazırda bütöv Qarabağda Azərbaycan bayrağı dalğalanır. Ermənistanın 200 illik işğal siyasətinə Prezident İlham Əliyev 20 illik prezidentlik fəaliyyəti dövründə birdəfəlik son qoydu. Artıq Ermənistanın ictimai-siyasi xadimləri, ziyalıları, o cümlədən Xankəndidə yaşamış ermənilər də bu ərazilərin Azərbaycana məxsus olduğunu etiraf edirlər. Bu tarixi Qələbə Azərbaycanı dünyada Qalib, Ermənistanı isə məğlub ölkə kimi tanıdıb. Məhz buna görə də 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirildi. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Prezident İlham Əliyevin sözü və əməli birdir. 21 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı. Otuz ildən sonra keçmiş məcburi köçkün soydaşlarımız böyük coşqu ilə doğma ata-baba yurdlarına qayıdırlar. Prezident İlham Əliyev bununla da adını Azərbaycanın tarixinə Qarabağın xilaskarı kimi əbədi həkk etdi.
Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı- Əvəz Soltanov
İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir. Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçildi. 1918-ci ildən başlanan 105 illik Respublika tariximizə ən möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdi. 21-ci əsrdə ərazi bütövlüyünü bərpa etmiş yeganə dövlət olan Azərbaycan yalnız öz gücünə, xüsusən də Prezident İlham Əliyevin əsəri olan güclü milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirib. Prezident İlham Əliyev dövlətimizin başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmişdir. Möhtəşəm prezidentlik dövrünün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır. Bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni bir mərhələsinin başlanması ilə əlamətdardır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait ayrılmışdır. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilmiş və uğurla icra edilir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir.
Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli bayrağımızın Qarabağın hər tərəfində dalğalanması və suverenliyimizin bərpası tarixi hadisədir və hədsiz qürur hissi doğurur. Döyüş tapşırığını yerinə yetirərkən rəşadətli Ordumuz mülki şəxslərə humanist davranışı ilə yeni bir sivil nümunə göstərmişdir.
Bu gün dövlətimizin başçısı bölgəmizdə düşmənçiliyə son qoyulması, qarşılıqlı etimada əsaslanan davamlı sülhə, dincliyə, əmin-amanlığa nail olunması uğrunda təşəbbüslər irəli sürür, çalışır, mübarizə aparır. Bu mübarizənin Cənubi Qafqazda sabitlik və inkişaf üçün zəruri şəraitin yaradılmasına xidmət edəcəyinə əminik. Ulu Öndərimiz Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək, Prezident İlham Əliyev Ümummilli Liderimizin Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirmiş, doğma Azərbaycanımızı Qalib Ölkəyə çevirmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır. Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident möhtərəm cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaqdır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin Muzey bələdçisi – Xanım İmanova