Zəfərimiz böyük qətiyyətin, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətin təqdimatı oldu
Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmünaqişə dövründə xalqa hər bir müraciətində bu məqamı xüsusi qeyd edirdi ki, tarixçilər baş verənlər barədə daha yaxşı məlumatlıdırlar. Bu çağırışın özü təbii ki, özlüyündə belə bir tələbi ortaya qoyur ki, yeni tariximiz daha dolğun şəkildə yazılmalı, İkinci Qarabağ müharibəsinə gedən yol düzgün təhlil edilməli, Ermənistanın yeni ərazilər uğrunda müharibə planları daha ətraflı şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmalı, bir sözlə, tarixin saxtalaşdırılmasına yol verilməməlidir. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamları əsasında Zəfər Günü ilə yanaşı, Anım Gününün təsis edilməsi, Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması və sair kimi biri-birindən mühüm addımlar həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayacaq. Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılır. Zəfərimiz böyük qətiyyətin, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətin təqdimatı oldu.
Daim gündəmdə olan Qərbi Azərbaycana qayıdış məsələsi tarixi Zəfərimizdən sonra günümüzün əsas hədəfinə çevrilib. Dövlət başçısı İlham Əliyev 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu çağırışı etdi ki, bizim işimiz tarix üzərində qurulmalıdır. Hüquqi tərəfə gəldikdə, birlikdə fikirləşməliyik, beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Azərbaycan dövləti burada da kömək göstərəcək. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmağın yolunu göstərəcəklər.
Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, belə bir çağırışı da edir ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız Böyük Qayıdış Proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar: “Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir.”
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Dövlətçilik tariximizin ən mühüm-Zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olunmasıdır
Zəfər günümüzü, ümummilli qürur günümüzü bizə bəxş edən Ali Baş Komandanımız, 30 il düşmən tapdağı altında qalan tarixi torpaqlarımızı azad etməklə, tapdalanan ləyaqətimizi təmizləyərək qürurumuzu özümüzə qaytardı, itmiş ümidimizi bərpa etdi.
Əsil həqiqətdir ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə dövlətçilik tariximizin ən mühüm-Zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olunmasıdır. Böyük Qələbəni qanı-canı hesabına yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən Zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını xalqımızın xoşbəxtliyinə həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırmış oldu. “Nəyi nə zaman etməyi hamıdan yaxşı bilən” Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağda suveren hüquqlarımız tam bərpa edildi.
Üç il öncə, şahidi olduğumuz, ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə olan, Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradında Azərbaycan və Türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızıın tarixinə qürurverici hadisə olaraq qızıl hərflərlə yazıldı. Zəfər bayramı münasibətilə keçiriliən paradda Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə yanaşı, Vətən Müharibəsində Azərbaycana maddi və mənəvi dəstəyini hər zaman hiss etdiyimiz Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi bir daha bir millət, iki dövlət olduğumuzu təsdiqlədi.
Ali Baş Komandan İlham Əliyevin paradda qeyd etdiyi, “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır” sözlər hər bir azərbaycanlını olduqca qürurlandırdı. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır” söyləməsi qürurverici olmaqla yanaşı Azərbaycana qarşı olan qüvvələrə qarşı ciddi bir mesaj idi.
Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında yüzlərlə hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi bizim gücümüzün, qüdrətimizin nümayişi oldu. Paradın qürurverici anlarından biri də müharibə zamanı qənimət kimi ələ keçirilmiş Azərbaycan Ordusunun darmadağın etdiyi Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikaların bir qisminin nümayişi oldu və bu da düşmənin necə rəzil vəziyyətə düşdüyünü göstərdi.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal