Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampa heç bir məktub göndərməyib.
Qanunla.Az xəbər verir ki, bu barədə Ukraynanın “Liga.net” nəşrinin sorğusuna cavab olaraq Zelenskinin mətbuat katibi Sergey Nikiforov bildirib.
“Zelenskidən heç bir məktub göndərilməyib, Tramp sadəcə sosial şəbəkədəki bir paylaşım haqqında danışıb”, – deyə Nikiforov qeyd edib.
Bundan əlavə, Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova “Facebook”da yazıb ki, “Tramp Zelenskinin “X”də paylaşdığı postu oxuyub”.
Bundan əvvəl, ABŞ prezidenti Tramp Konqresdə çıxışı zamanı Zelenskidən “vacib bir məktub” aldığını, burada Ukrayna liderinin sülh danışıqlarına hazır olduğunu bildirdiyini açıqlayıb. Zelenski isə “X”dəki paylaşımında “Trampın güclü liderliyi altında işləməyə və dayanıqlı sülh əldə etməyə hazır olduğunu” vurğulayıb. O, həmçinin 28 fevralda Trampla görüş zamanı baş verənlərə görə təəssüfünü ifadə etsə də, ABŞ prezidentindən üzr istəməyib.
Xatırladaq ki, fevralın 28-də Zelenski Ağ Evə səfər edib. Danışıqlardan öncə mətbuat konfransı zamanı Zelenski ilə Tramp arasında gərgin mübahisə yaranıb. Nəticədə Zelenskidən Ağ Evi tərk etməsi tələb olunub. Ukrayna və ABŞ arasında faydalı qazıntılar üzrə sazişin imzalanması və danışıqlardan sonra keçirilməsi planlaşdırılan mətbuat konfransı ləğv edilib.
Martın 2-də “Bloomberg” agentliyi ABŞ administrasiyasının avropalı tərəfdaşlara gizli şəkildə Zelenskidən açıq şəkildə üzr istəməsini gözlədiyini bildirdiyini açıqlayıb.
Martın 3-də isə “Reuters” agentliyi Ağ Ev rəsmisinə istinadən Trampın Ukraynaya hərbi yardımı tamamilə dayandırmaq göstərişi verdiyini bildirib.