image-qanunla-reklam
image-8d74297a4180b656a75a3a2a41493a62

“Zelenskini sıxışdırmaq yox, razı salmaq lazımdır” – Lukaşenko

image-lady-day-az

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiya, ABŞ və Ukrayna prezidentləri arasında danışıqların keçirilməsini təklif edib.

Qanunla.az xəbər verir ki, o, bununla bağlı amerikalı bloger Mario Naufala verdiyi müsahibədə danışıb.

Lukaşenko vurğulayıb ki, münaqişənin həlli üçün tərəflər dialoqa açıq olmalıdır və xüsusilə Ukrayna Prezidenti Volodimir Zelenskinin bu prosesə cəlb olunması vacibdir.

Onun sözlərinə görə, müharibənin gedişatında Ukrayna cəmiyyətinin böyük bir hissəsi Zelenskiyə dəstək verdiyi üçün onun razılığını almaq əsas məsələdir. Belarus lideri bunun üçün Minsk platformasının ideal bir yer ola biləcəyini bildirib:

“İndi Zelenskini hansısa formada sıxışdırmağa ehtiyac yoxdur. Əsas məsələ onu razılığa gətirməkdir, çünki onun arxasında Ukrayna cəmiyyəti dayanır. Biz razılığa gəlməliyik. Əgər istəyirsinizsə, gəlin. Burada, Belarusun sərhədindən Kiyevə qədər cəmi 200 km-dir. Təyyarə ilə yarım saata gəlmək olar. Burada sakit və təzyiqsiz şəkildə, hay-küysüz, qışqırmadan danışıb razılaşa bilərik. Trampa da deyin: onu burada Putin və Zelenski ilə birlikdə gözləyirəm. Oturub ortaq bir həll tapa bilərik. Əgər həqiqətən razılaşmaq istəyirsinizsə…”,– deyə A.Lukaşenko bildirib.

Lukaşenkonun bu təklifi Belarusun yenidən beynəlxalq diplomatiyanın mərkəzi kimi çıxış etməyə çalışdığını göstərir. Xatırladaq ki, 2014-2015-ci illərdə də Minsk platforması vasitəsilə Ukrayna münaqişəsinin diplomatik həllinə cəhd edilmişdi. Həmin dövrdə imzalanan Minsk razılaşmaları müəyyən müddət üçün vəziyyəti sabitləşdirmişdi.

Lakin bu gün geosiyasi şərtlər xeyli dəyişib. Qərb Belarus hakimiyyətini Rusiya ilə yaxın münasibətlərinə görə tənqid edir və Lukaşenkonun diplomatik təşəbbüslərinin nə qədər real olacağı sual altındadır. Buna baxmayaraq, Belarus Prezidenti Minskdə yüksək səviyyəli görüşün keçirilməsinin hələ də mümkün olduğuna inanır.

Belarus Prezidenti həmçinin ABŞ-ni keçmiş və indiki prezidentləri – Donald Tramp və Co Bayden arasındakı fərqlərdən də danışıb. Onun fikrincə, Tramp öz qərarlarında daha müstəqil idi, halbuki Bayden çox zaman ətrafının və müşavirlərinin təsiri altında qalırdı:

“Tramp səhv etsə belə, özü qərar verir. Bayden isə öz qərarlarını müstəqil şəkildə qəbul etməyib. Ona nə deyilirsə, onu da edir. Məsələn, ona dedilər ki, Putinlə danışma, o da danışmadı. Dedilər ki, Putinə ‘diktator’ de, o da bunu təkrarladı. Baydenin həm xarakteri, həm də fiziki vəziyyəti Tramp kimi müqavimət göstərməyə imkan vermir. Problem məhz bundadır”, – deyə Lukaşenko əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki