Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək.
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi vəziyyətin mühüm dərəcədə dəyişməsi regionda əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində ən mühüm elementlərindən biri qismində Zəngəzur dəhlizinin yaradılması çıxış edir. Hazırda bu marşrutun yaradılması ilə bağlı həm regional, həm də qlobal səviyyədə ciddi müzakirələr aparılır. Müzakirələrdə səsləndirilən fikirlərdən o qənaət hasil olur ki, Zəngəzur dəhlizinin yaradılmasına münasibət birmənalı deyil. Müxtəlif güc mərkəzləri burada maraqlarının təmin edilməsinə nail olmaqdan ötrü canfəşanlıq göstərirlər. Zəngəzur dəhlizinin yaradılması ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb və Onun strateji baxışlarını əks etdirir. Məhz Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə blokadada qalan Naxçıvan arasında kommunikasiya əlaqələrinin bərpa edilməsi ilə bağlı müvafiq bəndin üçtərəfli bəyanatda əks olunmasını istəyib və buna nail olub. Sonradan dövlətimizin başçısı bəhs olunan marşrutun keçəcəyi ərazinin tarixini nəzərə almaqla onu Zəngəzur dəhlizi adlandırdı və bu termin beynəlxalq səviyyədə qəbul olundu. Bu dəhlizin yaradılması Azərbaycanın milli və strateji maraqları çərçivəsindədir. Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirməyə hesablanıb. Bununla da Naxçıvanın üç onillik ərzində davam edən blokadasına son qoyulacaq. Eyni zamanda, dəhlizin fəaliyyətə başlayacağı təqdirdə ölkəmizin tranzit imkanları daha da genişlənəcək. Zəngəzur dəhlizi də ölkəmiz üçün, onun gələcək nəqliyyat və logistik imkanlarının daha da genişlənməsi baxımından önəmli keçid olacaq. Postmünaqişə dövründə Zəngəzur dəhlizi dövlətimizin əsas hədəflərindən biridir. Bu layihə təkcə Azərbaycan üçün deyil, ümumilikdə, region ölkələrinə böyük fayda gətirməklə, beynəlxalq nəqliyyat layihələrində regionun rolunu əhəmiyyətli dərəcədə artıracaq. Zəngəzur dəhlizinin açılması region ölkələrinin ümumi sosial-iqtisadi inkişafını və xalqların yaşayış səviyyəsinin yüksəlməsini təmin edəcəkdir. Belə ki, bu dəhlizin şərq ilə qərb ölkələri arasında qitələrarası yeni alternativ nəqliyyat şəbəkəsinin formalaşmasında əhəmiyyəti olduqca böyükdür. Zəngəzur dəhlizinin yaradılmasında region dövlətləri ilə Azərbaycanın maraqları üst-üstə düşür. Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaratmaq mümkün olacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı yaratmaq imkanları meydana çıxacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürə bilərlər. Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri isə türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların açıması ilə bağlıdır. Mərkəzi Asiyadakı türkdilli ölkələr Orta Dəhliz vasitəsilə Azərbaycanla bağlanıb. Orta Dəhlizin Zəngəzur qolu Mərkəzi Asiya dövlətlərini Türk dünyasının aparıcı ölkəsi olan Türkiyə ilə daha qısa məsafədə birləşdirmək fürsəti yaradır.
Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı- Bahar Qurbanova