Zərdab şəhərinin Azərbaycan küçəsi istiqamətində yerləşən 10-cu məhəllədə, 5 kommunal yaşayış binasının əhatə etdiyi ərazidə, ümumi sahəsi 1500 kv.metr olan ərazidə salınan “Abad məhəllə”nin açılışı olub.
Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazidəki binalarda yaşayan sakinlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə cənab Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi tapşırıqların Zərdab rayonunda da uğurla icra olunduğunu vurğulayıb. İcra başçısı “Abad məhəllə”nin açılışı münasibətilə məhəllə sakinlərini təbrik edərək görülən işlər barədə məlumat verib. Bildirib ki, açılışına toplaşılan sayca 3-cü olan “Abad məhəllə”nin tikintisinə 2024-cü ilin noyabr ayında başlanılıb və qısa müddət ərzində tikinti-quraşdırma işləri keyfiyyətlə başa çatdırılıb. Baxımsız və yararsız vəziyyətdə olan ərazidə 1100 kv.metr sahəyə beton piltə, 350 metr bort daşları (bardyür) düzülüb, “aqlay” üzlük daşı və taxta ilə üzlənmiş 1 ədəd dairəvi oturacaq inşa edilib. Məhəllədə 2 ədəd söhbətgah, 1 dəst uşaq əyləncə qurğusu və 10 ədəd oturacaq və zibil qabları quraşdırılıb. Ərazidə yaşıllaşdırma işləri aparılıb.
Ümumiyyətlə son dövrlərdə Zərdab şəhəri ərazisində genişmiqyaslı tikinti quruculuq işləri aparılıb. Heydər Əliyev prospektində, Zərdabi, 20 Yanvar küçələrində səkilər yenidən qurulub, 3800 kv.metr beton piltə və 1800 metr beton bort daşları düzülüb. Şəhərin “Dörd yol” adlanan ərazisində hasar inşa edilib. Heydər Əliyev parkında piyada yollarına 800 kv.metr sahəyə beton piltə, 1200 metr bort daşları düzülüb, “aqlay” üzlük daşı və taxta ilə üzlənmiş 1 ədəd dairəvi oturacaq inşa edilib. 1 dəst uşaq əyləncə qurğusu, 24 ədəd oturacaq, zibil qabları quraşdırılıb. 1200 kv.metr sahəyə asfalt örtüyü vurulub. Parkın hasarı “aqlay” növlü üzlük materialı ilə təmir edilib.
Şəhərin Heydər Əliyev prospekti, Elşad Şahmurov, Vahid Rəhimov, Bəşir Allahverdiyev, Qara Qarayev, Mehdi Hüseynzadə, Şövkət Ələkbərova, Rəhim bəy Məlikov, Məhəmməd İsrəfilov, Müslüm Maqomayev, Mikayıl Müşfiq, Hüseyn Arif, Müşfiq Hacıyev, 20 Yanvar, Xətai küçələri asfaltlanıb, Ceyhun Şamilov, Vahid Rəhimov, Çingiz Qasımov, Bədəl Məmmədov, Neftçi, Şaiq Bayramov, Cavadxan küçələri işıqlandırılıb.
Tədbirdə çıxış edən məhəllə sakinləri görülən işlərə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.