Mayın 26-da Zərdab şəhəri H.Zərdabi adına 1 nömrəli məktəb-liseyin 100 illik yubileyi qeyd olunub.
Qanunla.Az xəbər verir ki, tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısı Mərdan Camalzadə, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, rayon üzrə təhsil sektorunun və hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, şəhid ailələri, məktəbin məzunları və digər qonaqlar iştirak ediblər.
Tədbirdən öncə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən təhsil idarəsinin müdiri Elçin Kərimov Zərdab şəhəri H.Zərdabi adına 1 nömrəli məktəb-liseyin tarixinə görə Regional Təhsil İdarəsinin əhatə etdiyi təhsil müəssisələri arasında ən qədim təhsil ocaqlarından biri olduğunu qeyd edib. Həmçinin 1 əsrlik yol keçən bu təhsil müəssisəsinin zəngin ənənələrə malik olduğunu və Zərdab təhsilinin milli-maarifçilik hərəkatının geniş vüsət aldığı dövrdən bu günə qədər tarixi inkişaf yolu keçdiyini qeyd edib.
Zərdab RİH-nin başçısı Mərdan Camalzadə öz çıxışında Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına böyük diqqət yetirildiyini və bu gün Prezident İlham Əliyev tərəfindən bu ənənəyə sadiq qalaraq təhsil islahatlarının uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Daha sonra tədbirdə çıxış edənlər təhsil müəssisəsinin tarixi, qazandığı uğurları, görkəmli məzunları ətraflı məlumat verib, ölkə rəhbərliyinin təhsil sahəsinə göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Tədbir şagirdlərin ifasında şeir, mahnı və digər ədəbi-bədii kompozisiyalarla davam edib.