Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub.
Qanunla.Az xəbər verir ki, ehsan mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri, Çernobıl əlilləri, rayonda fəaliyyət göstərən idarə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, din xadimləri, rayon ağsaqqalları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub. Çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etməsindən, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmasından, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər gördüyündən bəhs edib. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev dahi bir şəxsiyyət kimi, böyük ideyaların müəllifi kimi nəsildən-nəslə keçərək Azərbaycan xalqının qəlbində daimi yaşayacaqdır.
Qanunla.Az. Vüqar Rəhimov