Zərdablıların seçimi yenə də YAP olacaq
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zərdab rayonu, Məmmədqasımlı, Kəndəbil və Bıçaqçı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Qanunla.Az xəbər verir ki, görüşlərdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev YAP-ın seçki proqramı haqqında danışıb, partiyanın xalqın dəstəyi ilə növbəti qələbəyə imza atmaq əzmində olduğunu bildirib.
Daha sonra o, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlardan bəhs edib. Azərbaycanın öz tarixinin ən gözəl dövrünü yaşadığını deyən İlkin Əliyev hər bir vətəndaşımızın xoşbəxt gələcəyi üçün imkan və şərait yaradıldığını diqqətə çatdırıb.
Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Bəxtiyar Fətəliyev, Gülxara Hüseynli, Tünzalə Musazadə, Nizami Qədirov, Kapitay İxtiyarov, Nurman Xaspoladzadə, Firəngiz Abdullayeva, Aqşin Əliyev və Yalçın Quliyev ötən dövr ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən, həyata keçirilən layihələrdən söz açıblar. Bildirilib ki, bələdiyyələrin qarşısında yeni vəzifələr dayanır. Onlar bu vəzifələrin uğurla həyata keçirilməsi və yeni nailiyyətlər qazanılması üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Laçın Eyvazova, Ummahanı Alızadə, Ruslan Eminov və digərləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.