Zərifə Əliyevanın elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə Əliyeva o zaman oftalmologiya aləmində ən yüksək mükafat sayılan SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülür. Professor Zərifə xanım həmin mükafatı alan ilk alim qadın olur.
Professorun elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Alimin görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş “Herpetik göz xəstəliyi”, “Ağır virus konyuktivləri” və digər dərs vəsaitləri məhz bu məsələyə həsr olunmuşdu. Bu dövrdə alim həmçinin qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərinə həsr olunmuş xeyli tədqiqatlar aparmışdır. Sonralar bu tədqiqatların nəticəsində bir sıra məqalə və monoqrafiyalar yazıb çap etdirmişdir.
Zərifə Əliyeva gözün zədələnməsinin profilaktikası və müalicəsi imkanlarını da öyrənmişdir. Bir sıra elmi işlərində görmə orqanı zədələndikdə mövcud olan cərrahiyyə əməliyyatları üsullarını araşdırmış, həmin üsulların təkmilləşdirilməsi üçün faydalı tövsiyələr işləyib hazırlamışdır. Həmin tövsiyələr cərrahiyyə əməliyyatına məruz qalan zədələnmiş gözün müalicəsini xeyli yüngülləşdirmişdir.
Akademikin bir sıra elmi işləri isə görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Onun daktriologiyadan bəhs edən “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların deyil, həm də fizioloqların diqqətini cəlb etmişdi.
Bu gün də oftalmoloqların stolüstü kitablarından olan fundamental “Terapevtik oftalmologiya”nın müəlliflərindən biri akademik Zərifə Əliyevadır.
Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında dəyərli sözlər demişlər. Moskva oftalmologiya məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi adlandırırdı. Dünya şöhrətli oftalmoloq, akademik A.Nesterov yazırdı: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli alim idi”. Akademik N.Puçkovskaya “xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi” deyərək alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor N.Şulpina Zərifə xanımı dünya şöhrətli alim adlandıraraq “Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik” – demişdir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Akademik Zərifə Əliyeva çoxillik səmərəli fəaliyyəti ilə Azərbaycan tibb elminə çox mühüm yeniliklər gətirib
Elə insanlar var ki, onların həyatı mayaka bənzəyir. Başqaları da belə insanlara oxşamağa çalışır, onları özləri üçün nümunə sayırlar. Dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva bu qəbildən olan insanlar sırasında yer alır. Biz onun timsalında Azərbaycan qadınlarının ümumiləşmiş obrazını görürük. Zərifə xanım Əliyevanın portret cizgiləri, mənalı həyatı və fəaliyyəti qadınlarımızın zərifliyini və fədakarlığını təcəssüm etdirir.
Zəngin və mənalı ömür yolu keçən Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb.
Akademik Zərifə Əliyeva Azərbaycanda peşə oftalmologiyasının əsasını qoyub
Zərifə xanım Əliyeva əqidə adamı idi və heç vaxt çətinliklərin üstünə getməkdən çəkinmirdi. Xarakterindəki prinsipiallıq, həmçinin insanlara qarşı böyük sevgi hissi bəsləməsi onun peşə seçimində özünü göstərdi. O, həyatını çətin, ancaq hər kəsə gərək olan tibb sahəsi ilə bağlamağa qərar verdi. Zərifə xanım Əliyeva sonradan bu sahədə çoxillik səmərəli fəaliyyəti, fundamental axtarışları ilə Azərbaycan tibb elminə çox mühüm yeniliklər gətirdi.
Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O zaman bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə nəinki oftalmologiya elmi üçün, hətta bütünlükdə respublika üçün mühüm məsələyə çevrilmişdi. Göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini məhz traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.
Zərifə Əliyevanın traxoma xəstəliyi ilə bağlı apardığı elmi axtarışlar və səmərəli praktiki fəaliyyəti bütün respublika miqyasında böyük maraqla izlənilirdi. Gənc alim tezliklə Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi seçildi. O, paralel şəkildə qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri apardı. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. Apardığı tədqiqatların nəticələri olaraq Zərifə xanım Əliyeva 1960-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə edib. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verib. Ötən əsrin altımışıncı illərinin sonlarından etibarən Zərifə Əliyeva fəal həkimlik fəaliyyəti ilə məşğul olurdu.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc