image-qanunla-reklam
image-zer

Zərifə xanım Əliyeva 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur

image-lady-day-az

Zərifə xanım Əliyeva 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur

Görkəmli elm adamları, ziyalılar, yaradıcı şəxsiyyətlər, onlardan yadigar qalan maddi və mənəvi irs mənsub olduqları xalqın, dövlətin, eləcə də bəşəriyyətin sərvətidir. Hər bir xalq özünün istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz tutur. Bu baxımdan Azərbaycan xalqı xoşbəxt sayıla bilər, çünki ölkəmiz bir çox sahələrdə istedadlı şəxsiyyətlər yetirib. Belə şəxsiyyətlərdən biri olan Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir.

Zərifə Əziz qızı Əliyeva 1923-cü ilin 28 aprel tarixində dövrünün görkəmli ictimai-siyasi və elm xadimi Əziz Əliyevin ailəsində, Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gəlib.  Ömrünü tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Qısa müddətdən sonra Zərifə xanım Əliyeva həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan geniş yayılmış traxoma infeksion xəstəliyinə qarşı mübarizə aparır. Bu xəstəliyə qarşı təsirli müalicə üsullarının olmadığı bir dövrdə Zərifə xanım Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında maarifləndirmə aparırdı.

Zərifə xanım Əliyeva 1960-1967-ci illərdə Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. Bu sahədə apardığı dəyərli tədqiqatlara, gördüyü işlərə görə 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adını verib.

1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Bu dövrdə həkimlik fəaliyyətini davam etdirən Zərifə xanım göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarında iştirak edən həkimlərlə də pedaqoji iş aparıb.

Oftalmologiya sahəsində tədqiqatları davam etdirən Zərifə xanım respublikada bununla bağlı az öyrənilən sahələrə daha çox diqqət yetirirdi. 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva az tədqiq olunan, lakin kifayət qədər aktual bir problem olan görmə orqanının patologiyası ilə məşğul olmağa başlayır. O, həmçinin insanlarda peşə fəaliyyəti ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin aradan qaldırılmasına xüsusi diqqət göstərib.
Bundan sonra da Zərifə xanım Əliyeva elmi fəaliyyətini uğurla davam etdirib. Tezliklə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilən Zərifə xanım 1983-cü ildə həmin kafedranın müdiri olur. O, kafedranın bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görərək 1977-ci ildə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumunun keçirilməsinə nail olub. Bakıda ilk dəfə keçirilən bu plenumun Azərbaycanda və keçmiş SSRİ-nin ən yaxşı akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, elmi-pedaqoji kadrların hazırlanmasında xidmətlər göstərib.

 

Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki