image-qanunla-reklam
image-media-zerife_eli-uo6relw0vnjf1xp43hsk

Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyasına həsr edilmişdir

image-lady-day-az

Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyasına həsr edilmişdir 

İnsani keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir. O, dəfələrlə deyirdi ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır və bəzən dava-dərmandan da güclü təsir göstərir. Zərifə xanım həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. Alim həkim-xəstə münasibətlərinə toxunaraq, insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş, “həkim xəstənin ən doğma adamıdır” demişdir.

Ulu Öndərin sədaqətli həyat yoldaşı akademik Zərifə xanım Əliyeva şərəfli bir həyat yolu keçmişdir. Onun elmə verdiyi töhfələr bu gün də dəyərli və qiymətlidir. Bu gün bütün səviyyələrdə etiraf olunur ki, akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsinə, o cümlədən, Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır. Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilmişdir. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun “Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi”, “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası” adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.

Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyasına həsr edilmişdir. Zərifə xanım, sözün əsl mənasında, bu sahənin ilk pioneri olmuşdur. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin, “peşə oftalmologiyası”nın əsasını qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri problemi Zərifə xanımın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdır. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktika tədbirlərini işləyib hazırlamışdır. Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri dünya ədəbiyyatında analoqu olmayan nadir tədqiqatlar sırasındadır. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Məşhur oftalmoloq akademik M.Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək qeyd etmişdir ki, əcəl Zərifə Əziz qızına bir neçə il də möhlət versəydi, o, oftalmologiya elmi sahəsində yeni kəşflərin rəhbəri ola bilərdi.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Akademik Zərifə Əliyevanın oftalmologiya sahəsinə gətirdiyi yeniliklər bu gün də nümunə göstərilə biləcək qədər dəyərli, zəngin olub

Gözəl insan, dünya şöhrətli oftalmoloq, akademik Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də  dünyaya göz açıb və ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də haqq dünyasına qovuşub. Akademik Zərifə xanım Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, onlarla elmi monoqrafiyanın müəllifi, bir zamanlar kütləvi yayılan qlaukomanın etimologiyası, tibbi deontologiya, iridodiadiaqnostika məsələləri üzrə həkim kimi özünü təsdiqləyib.

Hətta keçmiş SSRİ miqyasında, Azərbaycanda M.İ.Averbax adına Beynəlxalq Mükafata layiq görülən ilk qadın oftalmoloq oan Zərifə xanım  Azərbaycanın tibb tarixində özünəməxsus yeri olan təcrübəli həkim idi. Görkəmli insan  Əziz Əliyevin ailəsində dünyaya gələn Zərifə xanım şərəfli  həyat yolu keçmişdir. Tibb elminə dəyərli yeniliklər gətirməklə intellektual səviyyəsi, biliyi, fitri istedadı, cəmiyyətdəki mövqeyi, çalışdığı kollektivdəki səmimiyyəti ilə də fərqlənən Zərifə xanımın barədə ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyevin demişdi: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.”

Akademik Zərifə Əliyevanın oftalmologiya sahəsinə gətirdiyi yeniliklər bu gün də nümunə göstərilə biləcək qədər dəyərli, zəngin olub. Seçdiyi peşəsini humanizm ilə təcrübənin vəhdətində təkmilləşdirən, xəstələrinə ana, bacı kimi qayğı göstərən, ən başlıcası isə qadın şəfqəti, ana nəvazişi ilə yanaşan Zərifə xanım Böyük Vətən müharibəsinə təsadüf edən tələbəlik illərində belə Bakıdakı hərbi hospitallarda müalicə olunan xəstələrə, yaralılara yardım göstərmişdir.  Zərifə xanım təkcə savadı ilə deyil, mərhəməti, nəvazişi ilə də xəstələrə həyat verirdi.

O, alimlik dərəcəsi almaq üçün apardığı tədqiqatlara əsasən yazdığı «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicə» adlı namizədlik dissertasiyasındakı nəzəri bilikləri ilə xəstəliklə mübarizə yollarını tibb ictimaiyyətinin diqqətinə çatdırdı. O, eyni zamanda qlaukoma xəstəliyinin öyrənilməsi istiqamətində araşdırmalarını davam etdirirdi. Peşə ilə əlaqədar yaranan göz xəstəliklərinin araşdırılması oftalmologiyada demək olar ki, yeni bir sahə kimi onun diqqətini cəlb edir. Əldə etdiyi nailiyyətlər onun vəzifədə də yüksəlməsinə imkan yaratdı. O, əvvəlcə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, sonra isə kafedra müdiri oldu.

Gözün peşə patologiyasının öyrənilməsi üzrə ilk elmi- tədqiqat laboratoriyasının yaradılması təşəbbüsünü qaldıran da Zərifə xanım olmuşdu. Gözün zədələnməsinin profilaktikası, görmə orqanlarında bədxassəli şişlərin diaqnostikası və öyrənilməsi ilə bağlı elmi axtarışlarını davam etdirən Zərifə xanımın Bakıda Məişət Kondinsionerləri Zavodunda yaratdığı laboratoriya dünyada yeganə olmaqla, həm də onun ikinci iş yeri idi. Burada apardığı tədqiqatlar daha çox səmərə verirdi. Zərifə xanım və onun rəhbərlik etdiyi kollektiv yüzlərlə əməkçinin gözlərini  müalicə edib və onların gözlərinə sözün əsi mənasında nuru qaytarıb.

Akademik Zərifə xanım yaxşı bilirdi ki, istehsalatda çalışan qadınlar həm də ana kimi ailənin qayğısını çəkməli, cəmiyyət üçün layiqli övlad yetişdirib, tərbiyə etməlidirlər. Məhz buna görə də hamı onu qadınların hamisi adlandırırdı.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki