Zərifə xanım xeyli sayda fəxri adlara, elmi titullara, mükafatlara layiq görülüb
Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür.
Qədim Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, həm də yaxın silahdaşı idi. O, həyatı boyu Ümummilli Liderə həmişə mənəvi dayaq, arxa olub. Ulu Öndər deyərdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib. 1940-1950-ci illərdə Azərbaycanda göz xəstəliklərinin, xüsusən traxomanın geniş yayıldığı bir dönəmdə onun tədqiqatları önəmli rol oynayıb. Tədqiqatlarının yekunu kimi 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Bu cəfakeş oftalmoloq-alimin diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi də xüsusi yer tutub. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyasını dərindən tədqiq edib. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb. Bu kimi uğurlarına görə, 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib. 1981-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülən Zərifə xanım bir il sonra oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə keçmiş İttifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına Mükafatına layiq görülüb. O, bu mükafata layiq görülən ilk azərbaycanlı qadın olub. Səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edən, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən professor Zərifcə xanım, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifi kimi də tanınıb. Belə ki, o, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olub.
“Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır” deyən akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü diktə edirdi
Alim tədqiqat işi olan traxomanın müalicəsi ilə bağlı məsələlərə, daha doğrusu, traxomanın müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə xüsusi diqqət yetirirdi. Nəticədə traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində müvəffəqiyyətli nəticələr əldə edir. Çünki sintomisin geniş antibakterial spektrlərlə yanaşı, antixlamedik fəallığa da malik idi. Tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə uğurla müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil edir. Zərifə xanımın təklif etdiyi yeni müalicə metodu Azərbaycanda tezliklə geniş təcrübi tətbiqini tapır və nəticədə respublikada traxoma xəstəlik kimi ləğv edilir. Ona görə də qətiyyətlə demək olar ki, Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğv edilməsi Zərifə Əliyevanın adı ilə bağlıdır. El məhəbbətindən, insanları korluq əzabından qurtarmaq zərurətindən doğan bu şəfqətli tədbirlərin həyata keçirilməsi təbii ki, böyük zəhmət, fiziki və zehni gərginlik, uzun müddətli vaxt tələb edirdi. Zərifə xanım bu çətinliyin öhdəsindən uğurla gəlir.
1967-ci ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət alır. Həmin dövrdə həkimlik fəaliyyəti ilə məşğul olur, bir çox cərrahiyyə əməliyyatları aparır, xəstələri qəbul edirdi. Bir sözlə, fəaliyyəti təkcə klinikada qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını əhatə edirdi. Göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji işi genişləndirir, elmi tədqiqatları üzərində çalışırdı.
Getdikcə oftalmologiyanın aktual məsələlərinə daha çox diqqət yetirirdi. Bu məsələlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. xüsusi yer tuturdu. Çox keçmir ki, alimin diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyası cəlb edir.
1968-ci ildən məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayır. Bu problem üzərində iş apararkən çox vaxt sənaye müəssisələrində olur, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. Bununla yanaşı, Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən Şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparırdı. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zərərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc